GAMOH
Türkcə | English | فارسی
Güney Azərbaycan
Mahmudəli Çöhrəqani
Goğrafiya
İqtisadiyyat
Tarixi Siyasi Şəxsiyyətlər
Elmi Ədəbi Şəxsiyyətlər
Mədəniyyət
Fotoalbom
Xəritə

Urmuda toy mərasimləri



Urmuda toy mərasimləri

Giriş
Burada təsvir edilən toy mərasimləri əsasən Urmunun ətrafındaki kəndlərdə keçirilməsinə ibarət olmasına baxmayaraq ,Urmu şəhərində də şəhər qaydalarına uyğun olaraq təqribən eyni cür icra edilir. Ancaq zaman keçdikcə yeniliklər gəlir və keçmişin bəzi dəbləri unutulur. Bu kənddən o kəndə gəlin aparmaq bir zaman at ilə olmuşdursa da, aydındır ki, bu gün maşın bu işi görür. Bir zaman kürəkən bəy durduğu gün onun saçların ülgüclə dibdən qırxırdılarsa, bu gün onun tellərini daraqlayıb, düzəldib toy məclisinə gətirirlər. O, məclisə gəlir və qonaqlar bəyin qarşısında durur və sağduş-solduş təyin olunur. Bütün bu müqavimətə baxmayaraq, himaya olunmadığı təqdirdə sözsüz çürüyüb nabud olacaqdır. Elə ona görədə folklorşünas alimdərin boynuna bu barədə böyük vəzifə düşməkdədir .... O bölgədə evlənmə qaydaların əsasən dörd mərhələyə ayırmaq mümkündür ki, bu mərhələləri aşağıda açıqlamağa çalışacağam.

Birinci mərhələ (nişan)
1.1-Tanışlıq və görüşlər

Qız və oğlanın tanışlığı kənd və şəhərlərdə, əlbəttə, fərqli olur. Bu tanışlığı sözlə-söhbətlə tamamlamaq kənd yerlərində ya bulaq başında, olar və ya üzüm bağında, ya tütün düzərkən və ya hər hansı toy məclisində və qonaqlıqda. Amma bu tanışlıq hansı şəkildə olursa-olsun görüşlər əsasən bulaq başında və xüsusilə payızda işlər yüngülləşdikdən sonra başlar. Axşamüstü bəlli saatda suya gedən qızın yolu üstə oğlan durar. Yaşmaqlı qız hər halda yaşmaq altından gözlərini oynadaraq onu gördüyünü və sevdiyini bildirməyi bacarar.

1.2-Bıllı-bıllı sallamaq

Bu görüşlər və tanışlıq bayrama qədər davam edər və nəhayət ilin axır çərşənbəsində evin bacasından və ya pəncərənin qabağından qızın tanıdığı dəsmal və ya börk ilə oğlan bıllısını sallar. Özü hər şeydən, yəni "çərşənbə yemişi" deyilən cəviz, kişmiş, socuq və başqa şəbçərələrdən bol-bol ayırıb qıza verər. Qız öz hazırladığı bayramlığı da görünməmək şərtilə onlara qatıb oğlanın dəstmalına bağlar. Bu hadisələrdən sonra artıq oğlan evi də xəbərdar olar və yavaş-yavaş elçiliyə getməyə hazırlaşarlar.

1.3-Elçilik və söz danışma

Atanın xahişti ilə və daha öncə bu muamilənin baş tutacağı bilinmə şərtilə bir neçə ağsaqqal və ağbirçək qız evinə gedər, sözlər danışılar, bütün məsələlər ölçülər, biçilər və razılığa gəldikdən sonra şirni içilər. "Mübarək olsun" deyərlər və artıq o payız bir toy olacağı aydınlaşar.

İkinci mərhələ (toy mərasiminə hazırlıq)
2.1-Düzən

Payızın ilk günlərindən başlayaraq kürəkən evində (bəy evində) gecələr cavanlar yığışar, aşıq varsa ona qulaq asarlar, yoxsa özləri çalıb-oynamaqla məşqul olarlar. İlk başda həftədə bir gün ilə başlayan bu mərasim yavaş-yavaş hər gecə keçirilər. Toya beş-on gün qalmış artıq bu mərasim kəsilər və cavanlar bəyin qapısında dil calmanı diyərək calman (yallı) getməyə başlayarlar. Buraya heç kim dəvət olunmaz. Amma həm toy mərasiminin şən keçməsi üçün, həm də özlərinin əylənməsi üçün hər kəs oraya gəlməyə can atar.

2.2-Bazarlıq

Elə o günlərdə oğlan evi və yaxınları qız evi və yaxınları ilə birlikdə gəlini bazara apararlar. Gəlin paltarlardan tutmuş ayaqqabısına qədər nə lazımdırsa kürəkənin (bəyin) hesabına alınar. Eyni zamanda qaynana, qaynata, qayn və baldızlara da töhfələr alınar, yengələr və yaxın qohumlar da unutulmaz. Gəlinə sırğa, bilərzik, boyunbağı ilə birlikdə bir də üzük alınar. Ancaq qız evi hesabına kürəkənin də üzüyü alınar və o gün barmaqlara taxılar. Üçüncü mərhələ (toy mərasimi )

3.1- Həbəli və kəbin kəsmə

Əgər daha öncə şəhərdə və ya o məhəldə kəbin kəsilməmişsə toy günü eyni zamanda kəbin kəsmə mərasimi də geçirilər. Qız evində olan bu mərasimə kəbin kəsməuə gəlmiş alim bütün şərtləri və oğlanın adını söyləyərək qızdan razı olduğunu soruşar. Ümumiyyətlə, qız üçüncü dəfə soruşanda "bəli" cavabı verər və beləliklə "həbəli" aldıqdan sonra şənlik başlar. Ancaq kəbin kəsildiyi zaman xütbələr oxunanda orada olan şəxslər əllərini daraqlamamalıdır. Əl-qol açıq qaldığı kimi, arxalıqların düymələri də açıq qalmalıdır, çünki o halda yeni qurulmuş ailənin həyatında düyün olmaz qənətindədirlər.

3.2-Toy günü

Səhərdən toy çalınar və calman (yallı ) getməyə başlanılar. Urmuda "təblə toy" deyərlər və onu da bir zurna həmrahlıq edər. Yallı və ya calman başlayanda güclü bir cavan dəsmal əlində calman çəkər. Əgər axşama qədər çalınacaq bütün havalara oynamağı yorulmadan başara bilsə o cavana böyük fəxr sayılır. Bir qızla bir oğlanın əl-ələ yapışıb getdiyi bu calman havaları yumşaq hava olan və "tək ayaq" deyilən bir hava ilə başlar ki, o daha ziyadə heca vəzninə uyğundur. Bu hava "çüt ayaq" və sonra "tavlama" ilə yavaş-yavaş əruza geçər və "Şuşənli", "Şeyxani" və nəhayət "Sincabi" havasıyla gün batan çağı sona yetər. Söylənməsi lazımdır ki, bu havaların bəzilərində sadəcə ayaqlar oynar, bəzilərində ayaqlarla birlikdə əl-qol da oynar. Bəzilərində bel hərəkətləri də ona əlavə olunar və nəhayət, boyun və başın işə qarışdığı ağır havalarda bütün bədən ilan kimi və ahəngdar bir şəkildə qıvrılıb-açılar. Bu havaları və ona uyğun olaraq oynamaqları xalq uşaqlıqdan təcrübə edərək öyrənər.

3.3-Həna gecəsi

Həna gecəsi toy gününün axşamı başlar. Qız evində çox da yüksək səviyyədə keçirilməz. Ancaq qaval vasitəsiylə xalq mahnıları çalıb-oxuyar, oynarlar. Oğlan evində isə ya aşıqla, ya da kiçik xalq orkesri olan toy-kamança və bəzi vaxtlar qarmonla. İstər aşıq, istər orkestlərlə olsun, Həna gecəsində bir toybəyi olar, bir də onun əmrbəyi. Çalgıçılar xalq havaları çalar və toybəyinin əmri ilə əmrbəyi müxtəlif adamları oxumağa və ya oynamağa çağırar. Oxuyub-oynamağı bacarmayan adam cavan əmrbəyinin əlindəki şüy və ya kiçik qamçıyla kötək yeməlidir. Ancaq əgər böyük adam olursa cərimə olunur. Bu bəlkə də ona görədir ki, o məntəqədə hamı oxuyub-oynamağı və xüsusilə calman getməyi bacarmalıdır. Bəzi vaxtlar toybəyi kiçik bir nümayiş istər, çünki bəlli adamlar bəzi hərəkətləri ilə xalqı güldürüb-sevindirməyi yaxşı bacarırlar. Həna gecəsində bir müddət çalıb-oynadıqdan sonra şam yeyilər. Bir az sonra kürəkəni salon, ya da böyük otağı olan evinə gətirirlər və bəy durar. (Bu bəy toybəyi ilə fərqlidir). Bu arada, ancaq bu hadisədən öncə qız evindən xonçalar gələr. Xonçalar gəlməyə başladığı zaman toybəyi uca səslə söylər:

Xunlar oldu amada,
Xəbər verin damada.

O mərasimdə bəyə, toybəyinə və sağdış-soldışa qız tərəfdən göndərilmiş və xonçalarda olan töhfələr xalqa göstərilər. Bundan sonra artıq sağdış və soldış kürəkəndən ayrılmaz. Ancaq sabahı gün gəlin gətirildikdən sonra damad gərdək otağına gedər və onlar bəydən ayrılarlar.

3.4-Bəy hamamı

O gecə sübhədək çalıb-oynarlar, gün çıxmamış böyük toy dam üstündə gumbuldar. Bu, o deməkdir ki, kürəkən hamama gedir. Sağdış-soldış və bir neçə dost-tanışla kürəkən hamama gedər, yuyunub hazırlandıqdan sonra kürəkən paltarların geyər evə dönərlər. Onu qarşılamaq üçün məxsusi ahənqlə samaat onaya-oynaya onu evə gətirər. Bu hamamın və onun yan xərclərinin hamısını sağdış verməlidir. Ancaq həna gecəsində yığılan toypulu mərasimində soldış və sağdış pul salmaz.

Dördüncü mərhələ (gəlin çıxarma mərasimi)
4.1-Hazırlıq

Gəlin çıxarmağa bir-iki saat qalmış kürəkən sağdış və soldışı ilə birlikdə əlöpmə mərasimini icra edər. Qız evinə gedərək qaynatanın qarşısında hörmətlə əyilib onun əlindən öpüb ona "Ata" deyə müraciət edər. Qaynana kürəkənin qolunu bir saat bağlar və anlından öpüb öz övladını birinci Allaha, ikinci isə ona tapşırdığını söylər.

4.2-Belbağlama

Gəlin çıxmazdan öncə kürəkənin ən kiçik qardaşı və ya yetkinlik həddinə çatmamış məhrəm bir oğlan uşağı gəlinin belini bağlar və bu sözləri söylər:

Gəlin-gəlin, qız gəlin,
İncələri düz gəlin.
Yeddi oğlan istirəm,
Sonbeşiyin qız, gəlin.

Beləliklə, gəlin çıxmağa hazırlanmışdır. Gəlin atası evindən çıxarkən xüsusi bir hava çalarlar. Bu, "Qaynana ağlatma" havasıdır. Bu havada gəlin qapıdan çıxancaya qədər hüzn və kədər var, çünki illər boyu alışdığı ev-eşikdən getmək qəmli bir hadisədir. Ancaq o, yavaş-yavaş şad, oynaq havaya dönüşər və gəlin qapıdan çıxanda artıq hamı oynamağa başlar.

4.3-Güləş mərasimi və noğulsəpmə

Gəlin çıxdıqdan sonra igid bir oğlan onun önünü kəsib, ya qüləşmək üçün hərif istər, ya da yolu açmayacağını söylər. İlk baxışda bu hadisə çox qəribə olsa da həmişə sonu gözəl sözlərlə və xoşluqla bitər. Belə ki, ya oğlan evindən bir kürəkli cavan qüləşməyə hazır olub qollar və qıçlar çırmalanar, "Cənqi" havası çalınar və qüləş başlar, məğlub edərsə öpüşüb ayrılarlar, yoxsa güləşən olmadığı halda ona bir yaxşı hədiyyə verilər və gəlinin yolu açılar. Kürəkən, gəlin onun evinə yaxınlaşdığı zaman iki qızıl alma götürüb birini dişlər, o birisini var qüvvəsi ilə gəlinin başının üstündən tullayar. Ancaq son zamanlarda alma atılmır, yaxınlaşıb almanı öpüb gəlinin alnına yavaşca vurub ayağının altına atırlar. Alma atıldıqdan sonra kürəkən dama çıxıb gəlinin başına noğul, pul, şirniyyat səpir və beləliklə, gəlin təzə evinə girərkən şirinlik və var-dövlətlə qarşılanır.

4.4-Dəsmalaparma

Başqa kənddən gəlin gəldiyi zaman qədim dəsmalaparma mərasimi vardı. Belə ki, gəlinin kəndində qabağına çıxan olsaydı onu yıxandan sonra, qabağına çıxan olmasaydı gəlin kənddən çıxdıqdan sonra hər kəs öz atına minib öz kəndinə xəbər aparmaq istərdi. Təbiidir ki, atın belində ən möhkəm oturan və onu yaxşı sürən cavan hamıdan qabaq bəy evinə çatardı, qaynata və qaynanaya söylərdi:

Gəliniz çıxdı kənddən,
Muşduluq gözlərəm mən.

Onlar da ona yaxşı bir hədiyyə verərdilər və bir neçə saatdan sonra gəlinlərini görərdilər.

GAMOH Copyright © 2004     email: info@gamoh.org