Güney Azərbaycan şivələri
XIX yüzilliyin əvvəllərində Azərbaycan türkləri İran və Rusiya qəsbkarlarının işğalı nəticəsində tarixdə görünməmiş bir faciəyə məruz qaldı: iki hissəyə parçalanıb, iki siyasi şəraitdə yaşamağa məcbur oldu. Hər iki tərəfdə müxtəlif təsirlər olsa da, xalqımız dilini, mədəniyyətini, bir sözlə milli özünəməxsusluğunu qoruyub saxlamış, daha da inkişaf etdirmişdir. İndi Azərbaycanın həm quzey, həm də güney hissələrində eyni ədəbi dildə - doğma ana dilində danışırlar. Lakin Güneydə ədəbi dilin yalnız şifahi qolu mövcuddur. Danışıq dili dialektik əsası olan (koyne dialekt) Təbriz şivəsi əsasında aparılır. Ədəbi-bədii nümunələrdən, canlı danışıq faktlarından aydın olur ki, Güney Azərbaycanda dilimizin müxtəlif şivələri vardır. Uzun müddət əlaqələrin zəifliyi nəticəsində, Təbriz şivəsi istisna olmaqla öyrənilməmiş, tədqiqat işlərində onlar barəsində səthi məlumat verilmişdir. Araşdırmalarda Güneydəki Azərbaycan dilinin şivələri coğrafi cəhətdən belə təsnif olunur:
1. Mərkəzdə: Təbriz, Marağa, Türkmançay
2. Şimalda: Mərənd, Əhər
3. Şimal-qərbdə: Xoy, Maku
4. Şimal-şərqdə: Bəkrabad, Bəcərvan
5. Şərqdə: Ərdəbil (Savalan), Xalxal
6. Jənub-şərqdə: Zəncan (Xamsə)
7. Jənubda: Sayınqala, Sakiz
8. Jənub-qərbdə: Soyuqbulaq, Sərdəst
9. Qərbdə: Rezaiyyə (Rumiyə), Şapur (A.Dilaçar. Dil, Diller ve Dilçilik. Ankara, 1968)
Güney şivələri Azərbaycan dmli dialekt və şivələrinin cənub qrupuna daxildir. Bu şivələrdə daha çox aşağıdakı dil xüsusiyyətləri müşahidə olunur:
a) Fonetik xüssiyyətlər. Təbriz və onun ətrafındakı şivələrdə 9 sait səs vardır. Bütün saitlərin uzanan variantları da özünü göstərir. Saitlərin uzun tələffüz olunması fonematik məna kəsb etməyib söz ortasında samit düşümü və ya ərəb-fars mənşəli sözlərin əslinə uyğun tələffüz olunması nəticəsində yaranır. məs: ka:z < kağız, əşa: < aşağı, şika:t < şikayət, i:rmi < iyirmi, i:t < igid, be:n < beyin, də:rman < dəyirman, yə:r < yəhər, çı:rmax < çığırmaq, qı:lcım < qığılcım, so:şmax < sovuşmaq, kər.:z < kərövüz, dü:n < düyün və s.
Qapalı ı, i, u, ü saitləri müxtəlif mövqelərdə qısa tələffüz olunur. məs:bılıt, çırax, şitil, tikan, xəzinə, biçin, xuruş, bulax, çubux, tümən, bükim, söyüdün və s.
Təbriz şivəsində bir sıra səslər Azərbaycan ədəbi dili ilə müqayisədə məxrəc cəhətdən onlara yaxın olan aşağıdakı səslərlə əvəzlənir:
1) a > ə dəyişməsi sözün əvvəlində, ortasında və sonunda geniş yayılmışdır. məs: əşaği, əlmas, əslan, əyax, bəzar, nəğil, qəzan, sırqə, ustə, fırtınə, qərə, əlçə, qərdəş, xərmən və s.
2) ı > i dəyişməsi sözün ortasında və sonunda müşahidə olunur. məs: nəğil, qamin, qiz, aci, sari, qırqi, ayi və s.
3) a > e dəyişməsi bu işvə üçün səciyyəvi xüsusiyyətlərdəndir. məs: qeymax, qeyin, eyran, qeytan, qeysava, qeyiş, qeynamax və s.
4) ə > a dəyişməsi Güney şivələrində alınma sözlərdə qeydə alınmışdır. məs: duşman, quvva, taza, caza, qabul, dasmal, xazan (Təbriz), xabər, hayat, qabul, harəm (Marağa), danə, tarəf (Urmiya), ciyar, qismat, xançal, callat, cafa (Ərdəbil) və s.
5) i > ıdəyişməsinə sözün əvvəlində və ortasında rast gəlinir. məs: ıldırım, ılxı, ışıx, ılıx, sıçan, qısmat, hasıl, qıymat və s.
6) o > a dəyişməsi Təbriz şivəsi üçün xarakterikdir. məs: malla, av, avçı, qapmax, simavar, savqat, tavlamax və s.
7) ə > i dəyişməsi sözün birinci hecasında müşahidə olunur. məs: gibə, çiməən, tikrar, cibhə, xiyal, yihər, zincir, şikil, cihət və s.
8) e > i dəyişməsi də səciyyəvi xüsusiyyətlərdəndir. məs: mivə, hiyvan, tilfun, ginə < yenə, mihmanxanə, təsbih, hiş < heç, bilit və s.
9) d > t dəyişməsi sözün ortasında və sonunda geniş yayılmışdır. məs: butax, utuzmax, süt, əmrut, bılıt, ot, qanat, qurt, ümit, azat və s.
10) ç > ş dəyişməsi də bu şivə üçün xarakterik hesab olunur. məs: puş, heş, üş, aş, köş, qış, öş, saş, qoş vəs.
11) b > v dəyişməsinə bəzi sözlərdə rast gəlinir. məs: kəlvətin, qavax, qurvan, gəvə, davan, qavar, Ərdəvil və s.
b) Morfoloci xüsusiyyətlər. İsmin adlıq halı şəkilçisiz, yiyəlik halı - ın (nın), yönlük halı - a (ya), təsirlik halı ı (nı), yerlik halı - da, ta, çıxışlıq halı - dan, tan şəkilçiləri ilə əmələ gəlir. məs: Döhdür görən sahat didi ki, gərəx dəman qoyax; - davarın, börkün; - qoruğa, örüşə, bağçiyə; - atı, xəncəli, daşqanı; - bəzarda, tənurda, ayaxta, səbəttə; - həzinədən, dufardan, sandıxtan, bulaxtan və s.
Mənsubiyyət şəkilçiləri çağdaş Azərbaycan dili ilə eyniyyət təşkil edir. Birinci şəxsdə - m, ım, ımız; ikinci şəxsdə - n, ın, ız; üçüncü şəxsdə - i, sı şəkilçiləri şlənir. məs: babam, əmməm, yaylağım, başmağımız, obamız, alaçığın, şərikin, əmi:z, hammı:z, mövüzü:d, arvadı, qızı .yi ağası dalısı, bacası və s.
- v mənsubiyyət şəkilçisi Güney Azərbaycan şivələrində yiyəlik, yönlük və təsirlik hallarda nəzərə çarpır. məs: Nə tökərsən aşuva, o çıxar qaşuğuva (Əhər); Yorğanuva görə ayağuvi uzat (Ərdəbil) və s.
Urmiyə şivsində mənsubiyyət koteqoriyasının II şəxs cəmi - yız şəkilçisinin vasitəsilə əmələ gəlir. məs: babayız, nənəyiz və s
Güney Azərbaycan şivələrinni əksəriyyətində kəmiyyət anlayışı - lar, lər şəkilçisi ilə yanaşı - la, lə forması ilə də ifadə olunmaqdadır. məs: babadıla, nənədilə, başlasıla, çallıpla, tapıpla, çıxarılla, dadanılla və s.
Mənsubiyyət şəkilçisi qəbul etmiş "öz" əvəzliyindən (özüm, özün, özü, özümüz, özünüz, özləri) başqa, "bilə" qayıdış əvəzliyi də işlənməkdədir. məs: Arvad dedi: o xətərri hiyvandı, bilüvə qəst elə:r; Heş bilənnən sorışmısan qorığı kim sındırıp və s.
Təbriz şivəsində "nəmənə" geniş yayılmış sual əvəzliyidir. məs: Janım nəmniyə narahat olca:m; Gəlnə nəmənə lazımdı getdim Əmrikadan; Nəmənəni yarma düzəldiplə və s.
İndiki zaman felləri bəzən-ı şəkilçisi ilə ifadə olunur. məs: Babam diyi şənəni iki sahatdığa verəsü:z bizə; Ərbab bı oğlanı tuta bilmi və s. İndiki zamanla bağlı maraqlı xüsusiyyət üçüncü şəxsdə aşkara çıxır. İndiki zaman felləri üçüncü şəxsdə - ıri, iri şəxs şəkilçisi qəbul edir. məs: Onnan so:ra cəmaət hazırrıx göriri bayramın olmasına; Höhməvar kahisin batırısan sua yağ qalmıri üzündə və s.
Ərdəbil şivəsində isə indiki zaman - ey şəkilçisi ilə düzəlir. məs: aley, gəley, görey, aleysən, aleysüz və s.
Zəncan şivəsində nəqli keçmiş zamanın II şəxs təkində "s" səsinin düşməsi nəticəsində şəxs şəkilçisi - an, ən şəklində tələffüz olunur. məs: gəlmişən, görmüşən və s.
Təbriz şivəsində felin vacib şəkli müxtəlif formalarda əmələ gəlir:
a) birinci tərəfi məsdərdir, ikinci tərəfi gərəx ədatından ibarət olan analitik forma: - baba, gün çıhmamış yollanmax gərək; Təqvimə baxmax gərəx sa:t müəyyən elamax; b) - a, ə şəkilçili fellə gərəx ədatından ibarət forma: Hər kəsin mırta-zada taqəti var, gərəx gələ bıra; gərəx bir - ikü:z tümənə kimin xəş qoyasan və s. Bəzi hallarda "gərəx" ədatının əvəzinə "hətmən" sözü işlənir; məs: Sora fərşdi, qab-qacaqdı, paltardı - bıları da hətmən verə, bılır lazımdı və s. felin vacib şəklinin - malı, məli şəkilçisinin də gərəx ədatı ilə işlənməsinə rast gəlinir; məs: Bi belə yalvar-yaxarnan gəlmişdi bıra, gərəx gəlməliydi bı.
v) Leksik xüsusiyyətlər. Qohumluq münasibətlərini bildirən sözlər: baba//dədə - ata, nənə//aba - ana, böyüy baba//ağababa//ağacan - baba, böyüx nənə - nənə, qərdəş//dadaş//ağadadaş - qardaş, əmmə - bibi, nəvə, nəticə, kötüvə, nəbibə, yadaca, iticə
Termin səciyyəsi daşımaayan sözlər: ağ əkin - arpa, buğda, alaca - əldə toxunmuş şal, badal - yalançı, balatı - maya, bala - bala - yavaş - yavaş, balaxana - evin üst mərtəbəsi, başmax - ayaqqabı, vərdənə - oxlov, qadax - mismar, qələmə - ağac şitili, qərə badımcan - badımcan, qıra - qovun, qırmızı badımcan - pomidor, yazdax - yaz yurdu, yemiş - meyvə qurusu, gözəməyamaq, məkə - qarğıdalı, fındıqça - manikür, çırtdıx - itdirsəyi, şamaxı - kəlayağı və s.
Urmiyə şivəsində: alçax - sadə təbiətli, yazı - çöl, düzənlik, böyük bacı, böyük qardaş, nənə-ana, cəviz-qoz, qırmızı badımcan-pomidor.
Məhərrəm Məmmədov
M.Ə.rəsulzadə adına BDU-nun
türkologiya kafedrasının müəllimi,
filologiya elmləri namizədi
|