“Sahil” İnformasiya Mərkəzi

Bakı / Azərbaycan

Yanvar / 2002

 

 

"Şərəfli millətlər öz bayraqları altında yaşarlar"
Prof.Dr. Mahmudəli Çöhrəqani
Təbriz Universiteti
Cənubi Azərbaycan Milli Hərəkatının lideri

 

 

1.                  Möhtərəm Mahmudəli bəy, son günlər güneyli həmvətənlərimizin bir millət kimi mövcudiyyəti, onların milli-azadliq hərəkatı ve yaşadıqları mədəni-sosial problemler dünya ictimaiyyətini daha çox maraqlandırmağa başladı. Sizcə bu maraqların altında nə yatır? Bu maraqlar Güney Azərbaycan xalqının milli-azadlıq hərəkatına hansı mənfi vəya müsbət təsirlər göstərə bilər? 

Bəllidir ki, Azərbaycan milləti bir əsrə yaxindır mədəni və kültürəl istismar altındadır. Bu millətin tarixi təhrif olunub. Onu millət edən ünsürlər tapdaq altına altına atılıb. Yəni, millətimin keçmişi danılır. Azərbaycan Türklərinin soyunun və dilinin adını dəyişiblər. Keçən əsr boyu Azərbaycanda dörd qanlı inqilab baş verib və bu inqilabların hamısının məqsədi Azərbaycanlıların milli-mədəni hüquqlarını müdafiə etmek idi. Bu hərəkatlardan Xiyabani qiyamını, Pişəvəri hərəkatını, Şəriətmədari hadisəsi və Islam Inqilabının adını çəkmək olar. Məşrutə inqilabı da Azərbaycanda başlayıb və bu inqilab bütün Iranda istibdadın məhv edilməsini ve demokratiyanın hakim olmasını tələb edirdi. Təəssüflər olsun ki, yüz minlərlə şəhidin verilməsine baxmayaraq, hələ də istibdad və istismarın izləri mövcuddur. 
Ancaq artıq dünya dəyişib və dəyişilməkdədir. Dünya kiçilib və kiçilməkdədir. əsrimiz elektronika əsridir. Artıq harayları , etirazları çox rahatcasına boğmaq olmur. Artıq dünya mədəniləşib və insan haqlarına daha çox diqqət yetirilir. Ancaq Iranda insan haqlarına, insanlar arasında bərabərliyə ve ədalətin həqiqi mənasına diqqət edilmir və əhəmiyyət verilmir ve bugün dunya bunu anlayıb. Ölkə daxilində insanların boğulmuş haqq səsləri artıq dünya ictimaiyyətinə çatıb. Və dünyanın insan haqları ilə məşğul olan şəxs və qurumlarının Güney Azərbaycanın Milli Hərəkatı ilə maraqlanmaları təbii bir prossesdir. 
Ölkə daxilindən dünya ictimaiyyətinə çatmayan harayları boğmaq çox rahatdır. Ancaq 30 milyonluq məzlum millətin öz insani haqlarına qovuşması və onların haq davasının dünyaya çatdırılması istiqamətində aparılan hər iş bu hərəkatın xeyrinə olacaqır. Cənubi Azərbaycanlıların gur səsinin bu gündən sonra boğulması artıq mümkün deyil.


2. Iranda əhalinin əksəriyyətini təşkil edən Azərbaycan Türklərinin məruz qaldığı maddi-mənəvi məhrumiyyətlərin əsas səbəblərini nədə görürsünüz? Həmvətənlərimizin siyasi iradəsizliyindəmi, Iran rejiminin amansızlığındamı, yoxsa başqa bir səbəbdəmi?

Azərbaycanlıların mənəvi cəhətdən məhrumiyyət içərisində qalmalarının səbəblərini belə izah edə bilərəm:
1920-ci ildə Rza xanın hakimiyyətə gəlməsindən sonra İranda yeni fars və yeni Iran formulu tətbiq edilməyə başlandı. Yəni fars olmayan millətlər öz milli varlıqlarından təmamən uzaqlaşıb farslaşmalıdırlar. Uzun illər amansızca tətbiq edilən bu formul Azərbaycan millətini assimiliyasiyaya məruz qoydu. Yəni, Azərbaycan millətini millət edən ünsürlərə ağır zərbələr vuruldu. Millətimizi öz tarixini və keçmişini öyrənməkdən məhrum ediblər. Dilini, ədəbiyyatını və mədəniyyətini öyrənməkdən məhrum ediblər. Yəni, bu millətə öz istədiyi kimi ve öz kimliyi çərçivəsində yaşamağa izin verməyiblər. Turkcə oxuyub-yazmağa izin verilməyib və hələ də verilmir. Maddi olaraq da Azərbaycan Tehrana hər zaman ögey sayılıbdır. Həm Pəhləvi zamanında, həm də indi Azərbaycan şəhərlərindən çox digər fars dilli şəhərləri olan Isfahan, Kirman, Şiraz, Yezd və s. sərmayə qoyulub, oralarda fabrik və zavodlar, sənayə müəssisələri inşa edilib. Azərbaycanlı sərmayədarların inkişafına Azerbaycanda yox, saydığımız fars dilli şəhərlərdə imkan yaradılır. Təəssüflər olsun ki, Azərbaycan Türkləri İranda hamını bəzəyirlər, özləri isə lüt gəzirlər.

3. Güney Azərbaycanın gələcəyini hansı şəkildə görmək istərdiniz?

İnkişaf etmiş və öz mədəniyyətinə sahib millətlər hər zaman öz bayraq ve buyuruqları altında yaşayarlar. Alçaq və cəsarətsiz millətlər isə hər zaman yad bayraqlara sığınıb alçaqcasına yaşamağa razı olarlar. Azərbaycan heç zaman öz millətinin əli ilə parçalanmayıb. Düşmən minlərlə Azərbaycan müdafiəçisinin nəşi üstündən keçəndən sonra bizi böyük və kiçik parçalara bölməyi bacardı. Qüdrətli millətlər öz torpaqlarının sərhədlərini özləri təyin edərlər. Qorxaq ve cəsarətsiz millətlerin sərhədlərini qan içən mütəcavizlər təyin edər. Təəssüf olsun ki, bizdə də belədir. Amma biz nə şərəfsizik, nə alçaq, nə cəsarətsiz və nə də qorxaq. Və belə olmadığımızı şərəfli və cəsarətli millətimiz yaxın geləcəkdə sübut edəcəkdir. En sonda millətim nə istəyirsə və nə deyirsə, o da olacaqdır ! 

4. Avropaya səyahətiniz ilə mübarizə həyatınızda yeni bir səhifə açıldı. Bugündən sonra siyasi mübarizənizi hansı şəkildə davam etdirmək fikrindəsiniz? Irana qayıdacaqsınızmı?

Nə qədər ki, damarlarımızda qan dolanır və ciyərlərimizdə nəfəs var, ən demokratik və insani və məntiqi yollar ilə milli varlığımızı müdafiə edəcəyik. Hər insanın iki cür varlığı vardır və insana həyatında ən qiymətli olan da bunlardır:
Birincisi şəxsi varlıq. Ikincisi isə milli varlıq. Milli varlığın qiyməti o millətin sayısınca artar. Şəxsi varlıqlar milli varlığı qoruma yolunda gərəkirsə fəda olur. Milli varlıq nə deməkdir? Bir milləti millət edən ünsürlərə, yəni, hər millətin tarixinə, keçmişinə, topraqlarına, mədəniyyətinə, ədəb və adət-ənənələrinə, inanclarına və əlbəttə hamısının başında dilinə milli varlıq deyirlər. Milli varlıq milli şərəf, milli namus deməkdir. Özlərini namuslu hesab edənlər milli varlıqlarını qorumalıdırlar. 7 ildir ki, ən demokratik ve insani prinsiplərə uyub, qələm və danışıq yolu ilə mübarizə aparmışıq. Nə qədər ki, bıçaq sümüyə dayanmayıb və millətin səbri daşmayıb, bu hər zaman belə olacaqdır. Inşaallah haqqımızı dananlar şeytan belindən düşərlər və qələm və danışıq yolu yumuruğa çevrilməz. Hər halda bu hərəkat millətimizin son hərəkatıdır ve bu hərəkatın məğlubiyyətə ugraması mümkün deyil. Dünya mədəniyyəti prinsipləri çərçivəsində nə tələb olunarsa, onu da həyata keçirəcəyik. 
İrana qayıtma məsələsinə gəlincə isə, ailə və yaxın dostlarıma ölkə daxilində olan vəziyyəti nəzərə alaraq qayıtmağa söz vermişəm. Yenə də baş verən hadisələrin və ailə və yaxın dostlarımın nəzərlərinin məndə təsiri olacaqdır.

5. Azərbaycan Respublikasına səfər etmək planlarınız var mı? 

Bəli, inşallah, Novruz bayramı ərəfəsində.

6. Şimali Azərbaycanda ən çox kiminlə görüşmək isterdiniz? 

Məzlum istiqlal ve Qarabağ şəhidləri ilə, Azərbaycanın iftixarları sayılan dünyalarını dəyişdirənlərlə və sevimli millətimizin hamısı ilə.

7. Güneyli Azərbaycan Türklərinin problemlerinin həll edilməsi istiqamətində Şimali Azərbaycan xalqından ve rəhbərliyindən nələr umursunuz?

Keçmişdə olduğu kimi güclü media yolu ilə mənəvi yardım və köməkliklərini Guneyde mubarizə edən məzlum və qürurlu bacı qardaşlarından əsirgəməsinlər. 


8. Bütün dünya Azərbaycanlıları üçün ən ciddi problemə çevrilən Qarabağ müharibəsinin həllinə təklifləriniz nələrdir? Cənublu qardaşlarımız bu müharibənin həllinə nə dərəcədə və hansı şəkildə köməyə hazırdır?

Bu gün dünya müharibə və qandan nifrət edir. Bu cür problemlərin həllində birinci yol danışıqlar yoludur. Sülh və təcavüz etməmə ən uyğun yoldur. Bunun reallaşması üçün Ermənistan Qarabağın müqəddəs topraqlarından tezliklə çixmalıdır. 
Danışıqlar illərlə sürə bilməz. Güneyli, qüzeyli Azərbaycanlılar Qarabağın işğal altında olmasına görə başları aşağı gəzirlər. Mütəcaviz duşmən tezliklə işğala son verməzsə müharibə labüddür. Və bu müharibədə ən az yüz min Güney millətçisi iştirak edib, ermənilərin keçən 200 ildə etdikləri cinayətlərin, içdikləri qanların intiqmını alıb, bu quldur daşnaqlara tarix boyu unudulmaz ders verəcəkdir !
Qarabağ Ermənileri isə bütün insani haqlara malik olaraq bir azınlıq kimi bu torpaqlarda qalıb yaşaya bilərlər. 

9. Cənab Çöhrəqani, qiymətli vaxtınızdan ayırıb bizə müsahibə verdiyiniz üçün sizə öz təşəkkürlərimizi bildiririk. Son olaraq saytımız vasitəsi ilə sizi izləyən həmvətənlərimiz və digər oxuyucularımıza nə çatdiımaq istərdiniz? 

Hamısına salamlar, sevgilər və sayqılarımı ithaf edirəm. Və şimallı, cənublu bütün Azərbaycanlılardan Ana Vətənin milli varlıq və maraqlarına sahib çıxmalarını xahiş edirem.
Çünki inkişafın və mədəniyyətə qovuşmağın yolu burdan keçir. 

 

 

“Sahil” İnformasiya Mərkəzi

Bakı / Azərbaycan

Yanvar / 2002