
Zaman
2003-08-13
- Siz öz çıxışlarınızda qeyd edirsiniz ki, İranda 6-18 ay arasında ciddi
dəyişikliklər baş verəcək. Bu, Çöhrəqanlının ehtimalıdır, yoxsa hər hansı
bir xarici mənbənin verdiyi konkret informasiyadır?
-
Mən konkret bir vaxt ifadə etməmişəm, ancaq
daxildə və xaricdə gedən prosesləri izləyərək belə bir qənaətə gəlmək olar
ki, İranda yaxın gələcəkdə ciddi dəyişikliklər olacaq. Əgər istəyirsinizsə,
əvvəlcə daxildə baş verən proseslərdən başlayaq. Güney Azərbaycan Milli
Oyanış Hərəkatı İranı qorxuya salır. Biz öz hüquqlarımızı konstitusiya
çərçivəsində tələb edirik. Ancaq İrandakı rejimin bunu verməyə niyyəti
yoxdur. 35 milyonluq bir div oyanmağa başlayıb. Fars şovinizmi bundan
çəkinir. Bunlar İranın daxilindəki işartılardır ki, onu müşahidə etdikdə
real qərara gəlmək olur. Bir də İranın xarici ölkələrlə əlaqələrinə nəzər
yetirirəm. Xüsusilə ABŞ və Avropa ölkələrinə. Bildiyiniz kimi, İran kimyəvi
silah istehsal etmək istəyir. Bununla yanaşı, bir sıra terrorçu təşkilatlara
da dəstək verir. Qərb və ABŞ bundan ehtiyatlanır, məhz buna görə də hazırda
qeyd etdiyim ölkələr İrana təzyiq göstərirlər. Dolayısı ilə İran
demokratikləşməsi üçün həm daxildən, həm də xaricdən sıxışdırılır. Bu
prosesin sürətlə inkişaf etməsi isə məndə belə qənaət əmələ gətirir ki,
yaxın bir il və ya il yarıma İranda rejim dəyişəcək. Hadisələr Güney
azərbaycanlılarının lehinə cərəyan edəcək.
- GAMOH-la bir sıra digər təşkilatlar, yəni
özlərini Güney azərbaycanlıların xaricdəki təmsilçisi kimi göstərənlər
arasında soyuqluq müşahidə olunur. Əgər ən böyük idealımız bütöv
Azərbaycandırsa, indidən baş verən bu cür ayrıseçkiliklər hərəkata zərər
verməzmi?
- Yəqin ki, Güney azərbaycanlılarının
Bəzz qalasına yürüşünün videolentinə baxmısınız. Orada azərbaycanlıların
şüarları və əllərində daşıdıqları plakatlarda kimin fotoşəkli olduğunu deməyə
ehtiyac yoxdur. Sizin qeyd etdiyiniz digər təşkilatlar İranda nələrin baş
verdiyindən xəbərsizdirlər. Çöhrəqanlı hakimiyyət və liderlik iddiasında
deyil. Ancaq Güneydəki hərəkatı başqalarına həvalə edərək xalqla bağladığım
əhd-peymana arxamı çevirmək istəmirəm. 35 milyonluq azərbaycanlı artıq
oyanmağa başlayıb. Onların 10 faizi, yəni 3 milyon yarımı şüurlu şəkildə
Güney Azərbaycanın yaranması üçün mübarizəyə qoşulub. Mən də həmin kütlənin
içərisində püxtələşmişəm. Lakin tale elə gətirib ki, hazırda mən öz xalqımın
azadlığı üçün xaricdə fəaliyyət göstərirəm. İranda ikən işgəncələrə,
təqiblərə məruz qalmışam, ancaq xalqıma xəyanət etməmişəm. Kreslolara, maddi
mənafelərə görə, öz millətimi satmamışam.
Xalqım da mənə liderlik vəzifəsini verib.
İndi mən həmin vəzifəni uzun illərdir xaricdə yaşayan, hətta İrandakı
yaşadığı şəhəri, kəndi, evini belə tanımayan adamlara necə həvalə edə
bilərəm? Bir də ki Güney Azərbaycan Çöhrəqanlının işğalı altında deyil ki?
Əgər onlar mübarizəmizin daha da güclənməsini arzu edirlərsə, bizə köməklik
etsinlər. Ancaq təəssüflər olsun ki, onlardan bəziləri 200 ildir Güneydəki
azərbaycanlılara xəyanət edən ruslara, farslara, ermənilərə qarşı deyil,
Çöhrəqanlıya qarşı mübarizə aparırlar. Mən həmin insanlarla ədavət aparmıram.
Çünki İranda onların çoxlarının adlarını belə bilmirlər. Qondarma
təşkilatlar adı altında rahat kreslolarda əyləşərək milli azadlıq mübarizəsi
aparmaq mümkün deyil.
- İranın bütün
güzəştləri ilə razılaşacağınızı dəfələrlə ifadə etmisiniz. Həqiqətən də,
indiki vəziyyətdə İran müəyyən kompromislərə gedərsə, bununla
razılaşacaqsınızmı?
- Rəhmətlik Elçibəy deyərdi ki, İran
Güneydəki azərbaycanlılara cüzi bir şey təklif etsə belə, bunu qəbul etmək
lazımdır. Mən də eyni fikirdəyəm. Ancaq diqqətinizə çatdırım ki, İranda
hazırki rejim heç vaxt bizim istədiklərimizin cüzi bir hissəsini belə
verməyəcək. Çünki bütün dünyaya məlumdur ki, İran xaricdən göründüyü kimi
deyil. Onlar hətta konstitusiyada qeyd olunan hüquqları belə bizə vermirlər.
- Keçmiş Sovet İttifaqı da federasiyalardan
ibarət idi. Yəni müstəqil 15 dövlət adı altında qurulan ittifaq daha sonra
imperiyaya çevrildi. Quzey həmin imperiyadan 70 ilə azad ola bildi.
Federasiya təklif edilsə, Güneyi də həmin təhlükə gözləyirmi?
- Məncə, xeyr. Ona görə ki, keçmiş Sovet
İttifaqı ilə İran arasında fərq var. Əvvəla ona görə ki, Sovet İttifaqında
yaşayan ruslar sayca üstünlük təşkil edirdilər. Ancaq İranda belə deyil. 70
milyonluq əhalinin 35 milyonunu azəri türkləri, 2 milyonunu xorasan türkləri,
digər 2 milyonunu türkmanlar, 2 milyonunu isə qaşqaylar təşkil edirlər.
Dolayısı ilə biz İranda sayca üstünük. Bu isə İranın hökmranlığına son qoya
biləcək önəmli bir arqumentdir.
Əgər azərbaycanlıların əlinə müstəqil dövlət qurmaq şansı keçsə, bu fürsəti
bir daha əldən verməyəcəklər.
- Quzeyin müstəqilliyi Güneydə necə təsir
bağışlayır?
- Ən başda onu qeyd etməliyəm ki bu bizə cəsarət verir. Bizlər tarixi
yazan deyil yaradan millətik. Sadəcə olaraq bizlərin cəsarətini qırıblar.
Quzey 70 il aradan sonra olsa da özünə gələ bildi. Güney təbii ki bundan
cəsarətlənir. İndi biz Quzeyə gəlir rahat bir şəkildə həm bəyanatlar verir,
həm də Güney Azərbaycanın səsini burada eşitdirə bilərik. Bundan əlavə
Quzeyin müstəqilliyi bizim istiqlalımızı yaxınlaşdırıb. Quzeyin keçdiyi yolu
nümunə kimi qəbul edirik.
- İranda dəyişiklik mədəni yollarla olacaq,
yoxsa müstəqillik üçün qan tökmək lazım gələcək?
- Biz həmişə bəyan etmişik ki, bu hərəkat ilk növbədə reallığı nəzərə alır.
Bu hərəkat eyni zamanda sülhün, ədalətin tərəfindədir. Biz ağıl və məntiqlə
hərəkət edirik. Biz sadəcə olaraq öz hüquqlarımızı tələb edir, başqa
millətlərin hüquq və azadlıqlarına göz dikmirik. Ancaq bizə qarşı silahla
hücuma keçsələr, onlarla mübarizə aparmağa gücümüz var.
- Həmişə çıxışlarınızda Türkiyə və Quzey
Azərbaycana arxalanırsınız. Sizcə Türkiyə İranın parçalanmasında, başqa sözlə,
Güney Azərbaycanın qurulmasında maraqlıdırmı?
- Məncə Türkiyənin mövqeyini üç şəkildə dəyərləndirmək olar.
Birincisi, hökumət, ikincisi millət, üçüncüsü ordu. Türkiyə hökuməti heç
vaxt regionda qarışıqlıq yaranmasını istəməz.
Bu nöqteyi-nəzərdən Türkiyə hökuməti İranın parçalanmasının əleyhinədir.
Millət isə türk olduğu üçün birləşməyin tərəfdarıdır. Zənnimcə, ordu da
Quzey Azərbaycanın yaranmasını və güclü türk birliyinin meydana çıxmasını
arzu edir.
- Azərbaycanda informasiya kanallarından bir
iddia edib ki, Çöhrəqanlı Türkiyəyə qarşı ərazi iddiasındadır. Bu
həqiqətdirmi?
- Biz İranda öz müstəqilliyimizi əldə etmək üçün uzun illərdir
mübarizə aparırıq. Hələ öz istiqlalımızı əldə etməmiş başqa bir ölkədən ərazi
iddia etmək nə qədər məntiqə uyğundur? Qaldı ki, həmin ölkə özümüzünkü ola.
Məncə bu Türkiyəyə səfəri ərəfəsində bir provokasiya xarakteri daşıyır. Mən
heç vaxt Türkiyədən ərazi iddiasında olmamışam.
Kiçik həyat hekyəsi
Doktor Mahmudəli Çöhrəqanlı 1958-ci ildə Təbriz yaxınlığındakı Şəbüstər
şəhəri, Çöhrəqan qəsəbəsində anadan olub. Təbriz Universiteti fars dili və ədəbiyyatı
bölümünə daxil olan Çöhrəqanlı ali təhsilini başa vurduqdan sonra Tehranda Əz-Zəhra
Universitetində müəllimliyə başlayıb. Sonra Təbriz Universitetində prorektor
kimi fəaliyyətini davam etdirib. Bu ərəfədə İranda parlament seçkiləri
keçirilirdi. Çöhrəqanlı da həmin seçkilərdə iştirak etmək qərarına gəlir. O
bu yolla Güneydəki azərbaycanlıların hüquqlarını müdafiə edəcəyini düşünür.
Və seçkiqabağı təbliğat kampaniyasından istifadə edərək xalqla görüşməyə
başlayır.
Qısa müddətdən sonra agentlər Çöhrəqanlının İran
üçün təhlükəli olduğunun anlayırlar. Beləliklə, təqiblər başlayır.
Millətvəliki seçkilərində Çöhrəqnlının seçilməsinin qarşısı saxtakarlıqla
alınır. Çöhrəqanlı ikinci tura qalır. Lakin ona təbliğat aparmaq üçün 45 gün
verilir. Çöhrəqnlı həmin müddətin oyanış hərəkatının güclənməsində böyük
rolu olduğunu deyir. Hərəkatın toxumları atılır.
İşkəncələr o qədər dözülməz olur ki, Çöhrəqanlı beyin qansızması keçirir.
Bu arada Çöhrəqanlının azadlığa buraxılması üçün beynəlxalq təşkilatlar
İrana təzyiq göstərməyə başlayırlar. Beləliklə, İran Güney Azərbaycan Milli
Oyanış Hərəkatını (GAMOH) liderini azadlığa buraxır. 1995-ci ildən təməli
atılan son oyanış artıq rejimi lərzəyə salan ciddi bir hərəkat kimi qəbul
edilməyə başlayır. Çöhrəqanlı isə silahdaşlarının gördüyü işləri və haqq
səslərini dünyaya çatdırmağa çalışır.
Reportaj: Ramil Ismayilov
|