Bəhmənyar Azərbaycani
Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbaycani (? - 1066) - Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndəsi, İbn Sinanın şagirdi və davamçısı. Bəhmənyara görə, hər şeyin əsasını ən ümumi mənada varlıq təşkil edir. Bütün varlığı vacib və mümkün olmaqla iki qismə ayıran Bəhmənyara görə, vacib varlıq zəruridir, mütləq mövcuddur, səbəbsizidir. Mümkün varlıq qeyri-mövcud və mövcud fərz ediləndir, onun varlığı və yoxluğu birsəbəblidir, daha doğrusu, o, nəticədir.
Mütəkəllimlər (ortodoksal müsəlman sxolastları) ilk səbəblə nəticə arasında zaman fərqini inkar etmək fikrinə qarşı çıxmış, onu dinə zidd müddəa elan etmişlər. Bir sıra fəlsəfi kateqoriyalar haqqında Bəhmənyarın mülahizələri bu gün də öz elmi əhəmiyyətini saxlayır.
Bəhmənyar hərəkət, məkan və zaman kateqoriyalarının şərhini vermiş, onların vəhdətini, bir-birindən ayrılmazlığını göstərmişdir.
Bəhmənyar idrakda hissi və rasional momentlərin əlaqəsinin düzgün şərhini vermişdir.
Bəhmənyar məntiqdə anlayış, hökm, istidlal və onlarla bağlı bəhsləri geniş işıqlandırmışdır. Onun "Təhsil kitabı" (1971-ci ildə Tehranda ərəb dilində çapdan çıxmışdır), "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət kitabı", "Musiqi kitabı", "Metafizika elminin mövzusuna dair traktat" və "Mövcudatın mərtəbələri" (sonuncu iki əsər 1851-ci ildə Leypsiqdə ərəb və alman, 1911-ci ildə Qahirədə ərəb dilində nəşr olunmuşdur) Şərq elminin inkişafına güclü təsir göstərmişdir. Bəhmənyarın yaradıcılığında "Təhsil kitabı" öz həcminin genişliyinə və məzmununun dərinliyinə görə xüsusi yer tutur.
Orta əsrlər müsəlman Şərqində fəlsəfi fikrin inkişafında Bəhmənyarın böyük rolu olmuşdur. Əbül -Abbas Ləvkəri, Əfzələddin Xunəci, Nəsirəddin Tusi, Siracəddin Urməvi onun davamçılarıdır.
|