GAMOH-un Bakı bürosunda baş verən yanğının səbəbləri araşdırılır

 

525ci qazet 2003-12-19
Xəbər verildiyi kimi, dekabrın 17-də Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı nümayəndəliyində yanğın baş verib. İlkin məlumata görə, GAMOH-un yerləşdiyi ərazinin təxminən 150 kvadrat metri yanıb. Yanğın zamanı binada olan iki güneyli tələbə ciddi xəsarət alıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və Səbayel Rayon Polis İdarəsinin rəisi Nazim Nağıyev hadisə yerinə baş çəkiblər.

Hadisənin təxribat xarakterli olmasını istisna etməyən GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkelli "525"in müxbiri ilə söhbətində baş vermiş yanğınla əlaqədar artıq Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlandığını söyləyib. Sorğumuzu cavablandıran Səbayel Rayon Polis İdarəsinin əməkdaşı da GAMOH-un binasında baş vermiş yanğınla bağlı ilkin tədqiqatlara başlandığını təsdiq edib.

Polis əməkdaşının sözlərinə görə, yanğın dekabrın 17-də, saat 9.30 radələrində baş verib: "GAMOH-un Bakı nümayəndəliyində baş vermiş yanğın təxribat məqsədi ilə törədilə bilər. Ancaq polis əməkdaşları yanğına səbəb olacaq digər versiyalar üzərində də araşdırmalar aparırlar. Ola bilsin ki, yanğın elektrik naqillərinin qısa qapanması və qazın alışması üzündən baş versin".
   

MƏHƏBBƏT
 


صفحه اصلی Biz ile bağlantı