Xatəminin Təbriz səfərindən nə gözləmək olar?
GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ İRAN PREZİDENTİNİN TƏBRİZ ƏHALİSİ İLƏ GÖRÜŞÜNƏ CİDDİ ÜMİDLƏR BƏSLƏMİRLƏR
525ci qzet 2003-08-29
İran prezidenti Məhəmməd
Xatəminin bu günlərdə Təbriz şəhərinə səfər edəcəyi gözlənilir. Onun Təbriz əhalisi
ilə görüşü İranda qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır. Əhalisinin
böyük əksəriyyəti Güney Azərbaycan türkləri olan Təbriz İran prezidentinin
növbəti "vədlərini" gözləyir. Lakin türklərin Xatəmiyə dəstək verəcəyi və onun
fikirlərinin, çağırışlarının arxasınca gedəcəyi barədə bədbin proqnozlar
verilir.
Çünki İranda şəxsi mənfəətlərini və siyasi maraqlarını güdmədən hakimiyyət əleyhinə mübarizə aparan və ona müxalifətdə dayanan əsas qüvvənin Güney Azərbaycan türklərinin olduğu faktdır. Siyasi ekspertlər antidemokratik siyasi xətt tutan Xatəmi hökumətinin İranda yaşayan xalqlar, o cümlədən türklər arasında ciddi dəstəyi olmadığını düşünürlər. İran əhalisinin kifayət qədər böyük hissəsini təşkil edən türklərin ən ibtidai haqlarına sahib olmaması, onların aktiv hissəsinin hər zaman hakim rejimin ciddi təzyiqləri ilə üzləşməsi güneyli türklərin hakimiyyətə qarşı tutduqları mövqelərinə haqq qazandıran amillərdir.
Bu günlərdə Bakını tərk edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı M.Xatəminin Təbrizə səfərinin əhali arasında ciddi və əhəmiyyətli hadisə kimi qarşılanmayacağı qənaətini açıqlayıb. Onun fikrincə, əvvəlki illərdə olduğu kimi, bu dəfə də türklər seçkiləri boykot edəcəklər:
"Xatəminin
Təbrizə səfərləri əvvəllər də çox olub. Lakin hər dəfə əhali ilə görüşlərində
verdiyi vədlərinə əməl etməyib. Əvvəlki parlament və prezident seçkilərində
Güney Azərbaycan türkləri seçkilərdə iştirak etmədi, boykot yolunu tutdu. Əhalinin
böyük əksəriyəti seçkiləri tanımadı. Bu dəfə də parlament seçkiləri ərəfəsində
eyni vədlər təkrarlanacaq. Amma türklər bunların heç birinə inanmayacaq və
seçkiləri yenə boykot edəcəklər".
İran prezidentinin Güney Azərbaycan türkləri tərəfindən necə qarşılanacağına dair münasibətini açıqlayan güneyli politoloq Aslan Xalidi hesab edir ki, bu səfər, sadəcə, təbliğat kampaniyasının tərkib hissəsidir. Onun fikrincə, güneyli ziyalılar, fəal insanlar hökumət nümayəndələrinin boş vədlərinə aldanmayacaq:
"Ziyalıların
bəyanatlarından da məlum olur ki, onlar hakimiyyətdən demokratik rejim
qurulmasını, milli haqlarının tanınmasını istəyirlər. Əhalini vədlərinə əməl
etməyən hakimiyyəti dəstəkləməməyə çağırırlar. Onlar Xatəmi ilə görüşlərdə
yalnız haqlarına hörmət edilməsini istəyə bilərlər. Ona yalnız "siz
millətlərin haqqını tapdalayan hakimiyyətsiniz" deyə bilərlər". A.Xalidinin
sözlərinə görə, Güney Azərbaycan hərəkatının fəalları da parlament seçkilərində
eyni mövqeni nümayiş etdirəcəklər.