Üç Noqte 2003-08-13
"Həyatımızı bəzən bir telefon zəngi də dəyişir"
ÇÖHRƏQANLININ HƏYAT YOLDAŞI TAHİRƏ XANIMIN ƏN BÖYÜK ARZUSU AZƏRBAYCANIN TEZLİKLƏ BÜTÖVLƏŞMƏSİDİR

Qeyd edək ki, hazırda doktorun həyat yoldaşı Tahirə xanım, böyük qızı Fatimə
və ailənin sonbeşiyi Alparslan Bakıdadır. Ailənin digər üzvləri - Həmzə və
Maral isə Təbrizdə əmilərinin yanındadır. Tahirə xanım deyir ki, uşaqlarından
ötrü darıxsa və nigaran olsa da, başqa çıxış yolu yoxdur. Ən böyük arzuları
isə tezliklə bu ailənin və Azərbaycanın qovuşması, bütövləşməsidir.
Onlarla paytaxtın ən gözəl məkanında - İçərişəhərdə məskunlaşdıqları mənzildə
görüşdük. Əvvəlcə bizə Fatimə və kiçik Alparslan "xoşgəldin" elədi. Söhbətə
başlamaq üçünsə Tahirə xanımı bir xeyli gözləməli olduq.
Fatimə:
"Babam (uşaqları doktora belə müraciət edir) yeni gəlib, anam onun xörəyini
hazırlayır"-deyib utancaqlıqla üzrxahlıq elədi. Nəhayət, Tahirə xanım gəldi.
Yorğun görünsə və "Gərək üzrlü hesab edəsiniz, özümü bir az yaxşı hiss etmirəm,
soyuqlamışam"-desə də, söhbətimiz səmimi və maraqlı keçdi.
- Tahirə xanım, özünüzü Bakıda necə hiss edirsiniz?
- Çox gözəl, hətta deyim ki, öz evimdəki kimi. Çox isti münasibət görürük
burda. İnsanları çox səmimi və qonaqpərvərdir. Bu mənim Bakıya ikinci
səfərimdir. Kültürü, təhsili, səviyyəsi ilə tam başqadır Quzey. Təbrizdə çox
olmuşam, Bakıdakı qədər gözəl yerlər yoxdur.
Söhbətə Fatimə də
qoşuldu:
- Biz Türkiyədə də olmuşuq, onlar da bizim millətdir. İnsanların bizə
münasibəti çox yaxşı idi. Amma Türkiyədə Bakıdakı isti münasibəti görmədik.
Bakıya gələndə fikirləşdim ki, oradakı dostlar üçün darıxaram. Heç təsəvvür
etmirdim ki, Bakıda bizi bu qədər doğma qəbul edərlər. Elə ilk qarşılananda
biz bu doğmalığı hiss etdik. Bura tarixi abidələri, milliliyi ilə çox gözəldir.
- İnsanları necə təsir bağışladı Bakının? 200 ilə yaxın bir ayrılıq böyük
fərq yaradıbmı aramızda?
- Təbrizlə Bakının fərqi çoxdur. Amma bu bizim aramıza dərin uçurum yarada
bilməz. Burada təhsildə, mədəniyyətdə xeyli inkişaf var. Təəssüf ki, bizdə
belə deyil. Xüsusilə qadınlar gözəl, təhsilli, ictimai-siyasi həyatda
aktivdirlər.
- Bu baxımdan fərq çox böyükdürmü?
- Fərqlər var. Əslində bizə kağız üzərində haqlar verilib. Lakin bizlərdə
mindən biri bilir ki, hüququ nədir. Çünki təhsilləri, savadları kifayət etmir.
Ona görə də əzilirlər.
Fatimə:
- Buna baxmayaraq, orada qadınlara hörmət buradakından qat-qat yüksəkdir.
Məsələn, biz Türkiyədə olduq. Orada kişilər qadınlara çox hörmət edərlər. Amma
təəssüf ki, burada belə deyil. Sizdə qadınlar çox işləyir, əziyyət çəkir. Amma
qiymətlərini az alırlar. Biz şəhəri gəzəndə küçə süpürən qadınlar gördük,
inanın ürəkağrısı keçirdik. Qadın xanım olmalıdır. Sizdə qadınlar öz yerində
deyil.
- Adət-ənənələrimiz arasında hansı fərqliliklər yaranıb? Bunu müşahidə edə
bildinizmi?
- Bu günlərdə bir toyda olduq. Çox xoşumuza gəldi. Bizim toylardan çox
fərqlənir. Musiqi daha şux, daha gözəldir. Düzdür, son vaxtlar bizdə də
Azərbaycan musiqisinə, saza, kamana yer verilir. Gənclər istəyir ki,
toylarında saz olsun. Amma sizdə daha gözəldir.
Tahirə xanım:
- Amma avropalaşma da hiss olunur. Xanımlar daha çox açıq-saçıqlığa üstünlük
verirlər. Bu bizim xoşumuza gəlmir. Küçədə də bu şəkildə geyinirlər. Sanki "mən
gözəl görünüm" - deyib daha açıq geyinməyə çalışırlar. Onsuz da Bakının
xanımları gözəldir, yəni geyimdə bu qədər açıqlıq onlara hörmət gətirmir.
Keçən il də Bakıya gəlmişdim. Vəziyyət bundan yaxşı idi. Bizdə tam fərqlidir.
Siz də imperiya tərkibində olmusunuz. Amma heç olmasa öz dilinizdə oxumaq,
milliliyi daha çox qoruyub-saxlamaq imkanı olub. Bununla belə çoxları bir-biri
ilə rusca danışmağa üstünlük verir. Bu bizi təəssüfləndirir. Bizdə təhsil
müəssisələrində öz ana dilimizdə danışmağa belə icazə vermirdilər. Sadəcə
ailələrdə qorunub-saxlanıb dilimiz. Sizdə ruslaşma daha çoxdur, nəinki bizdə
farslaşma.
- Burada xoşunuza gəlməyən daha nələr oldu?
- Biz burada söhbətlərdə eşitdik ki, kişilərin bir hissəsi vaxtilə erməni, rus
qadınları ilə ailə qurublar. Hətta bildiyimizə görə, Bakıda indi də erməni
ailələri var. Bu bizi narahat edir. Belə ailələrin uşaqları necə tərbiyə alıb,
bu maraqlıdır. Bizdə də belə hallar olur. Amma bizdə daha çox farslar türk
qızı ilə evlənir. Çünki bizim qızlar əxlaqi keyfiyyətlərinə görə çox yüksəkdə
dayanırlar.
- Bəs Cənubdan
Azərbaycan necə görünür?
- Bütün insanlar üçün Bakı çox əzizdir. Adi vətəndaşın da əlinə bir az pul
gələndə birinci növbədə Bakıya gəlməyi arzulayır. Yəni Bakı cənubluların ən
böyük arzusu, ən çox görmək, qovuşmaq istədikləri yer olub həmişə. Biz ilk dəfə
Bakıya gələndə avtobus sərhəddə dayanmışdı, ürəyimiz quş kimi uçurdu.
Gözləyirdik ki, bu xətdən nə zaman keçib Azərbaycan torpağına ayaq basacağıq.
İnanın, bu hissləri ifadə etmək çox çətindir.
Fatimə yenidən
söhbətə qoşulur:
- Hər zaman babama darıxdığımızı deyəndə bizi Araz qırağına gətirərdi. Ordan
baxardıq Arazın bu tayına. Düzdür, elə bir şey görə bilmirdik, sərhəddəki əsgərlərdən
başqa. Amma bu mənzərənin özü bizim üçün çox gözəl idi. Babam bizə Şimaldan
danışardı. Ona suallar verərdik ki, necə olur, bir çay bu boyda milləti ayrı
salır. Babam da bizə uzun-uzun anladardı. Cənubda hər kəs - qocasından tutmuş
gəncinə qədər, hamı bura həsrətdir. Hamı Araz qırağına yığılar bu həsrəti
söndürmək üçün (hər ikisinin gözləri dolur). İnşaallah bir gün gələr bu həsrətə
birdəfəlik son qoyular.
- Tahirə xanım, doktorun keşməkeşli, əzab-əziyyətli həyat yolu bizə məlumdur.
Bu əziyyətlərdən yəqin ki, sizə də pay düşüb...
- Əlbəttə. Bu təbiidir. Biz artıq bu yaşam tərzinə öyrəşmişik, bizim üçün
çətin deyil. Əksinə, mən fəxr edirəm ki, millətini sevən, onun azadlığı üçün
çalışan bir adamın xanımıyam. Əslində maraqlı bir həyatdı bu. Yəni, heç kəsin
həyatına bənzəməyən, hamı kimi adi keçməyən bir həyat. Hər gün bir hadisə var,
hər gün bir yenilik, dəyişiklik var. Bir telefon zəngi ilə həyatımız tamamilə
dəyişə bilər. Yəni bir zənglə çox sevinə bilərik, yaxud əksinə, üzüntü gətirə
bilər. Asan deyil, amma bu əziyyətlər xalq üçündürsə, gözəl bir həyatdır. Mən
bu həyatı yaşadığıma görə taleyimdən razıyam, özümü xoşbəxt hesab edirəm və
bununla fəxr edirəm.
- Və siz bu fəxrlə də yəqin doktora mənəvi dəstək verirsiniz?
- Əslində o mənə mənəvi dayaq olur. Çünki o daha güclüdür. Bunula belə biz
ruhi cəhətdən bir-birimizi tamamlayırıq. Yəni inanmıram ki, mən onsuz, o da
mənsiz tam ola. Yalnız iki tərəf bir tamlığı yarada bilər. Biz də bu mükəmməl
tamlığı yaratmışıq. Ona görə də üzləşdiyimiz əzab-əziyyətlər bizim üçün böyük
deyil.
- Bəs övladlarınız necə?
Faitmə: - Mən də fəxr edirəm ki, böyük bir xalqın sevdiyi bir şəxsin qızıyam.
Mən babamın çox ağır günlərini görmüşəm - zindanda olan vaxtını, xəstə
zamanlarını, basqılar olunduğu vaxtları-çox ağır günlər idi. Bütün bunlar o
vaxt unudulacaq ki,müqədəs hədəfimizə çataq.
- Doktorun öz övladlarına ən çox söylədiyi nəsihətlər hansılar olur?
- Babam bizə lap uşaqlıqdan milləti sevdirib, həmişə bizə millət sevgisini
aşılayıb. Azərbaycanın tarixini anladıb, həqiqətlərini anladıb. Biz uşaq
olanda nağıl kimi anladardı bunları bizə. Xalqımızın başına gətirilən
faciələri, o taylı-bu taylı Azərbaycanın taleyini danışardı. Ən azı həftədə
iki dəfə bu söhbətləri bizimlə aparırdı. Böyüdükcə, bu nağılları bizə olduğu
kimi, tariximiz olduğunu anlatdı. Hər bir sözü qulağımızdadır. Bizimlə ən çox
söhbətləri də bu mövularda olub. Bizə o qədər millət sevgisi aşılayıb ki,
həmişə onun söhbətlərinə qulaq asanda deyirdim: "Kaş oğlan olaydım, mən də
atamın yolu ilə gedəydim". İndi də ən böyük arzum budur ki, təhsilimi davam
etdirib, xalqıma xidmət edim.
- Alparslan necə? (Üzümüzü ailənin sonbeşiyinə tuturuq)
- Mən də, istərdim ki, babama və xalqıma layiq birisi olum.
Tahirə xanım:
- Atasının ən böyük təsiri Alparslana olub. Çünki o, ən çətin günlərində
babasının yanında olub. 11 yaşı var, amma yaşından çox böyük şeylər görüb.
Atasının söhbətlərində, toplantılarında olub. Ona görə də əsla uşaq kimi
danışmaz. Babasına deyərdi ki, əgər sənə bir şey olsa, mən yolunu davam
etdirəcəyəm. Həmişə deyir ki, böyüyüb vətəni üçün əsgər olacaq.
- Mahmudəli bəy yaxın günlərdə Bakını tərk edəcək. Siz necə, Azərbaycanda
qalmaq fikriniz varmı? Qeyd etdiniz ki, bura sizin üçün daha doğmadır...
- Düzdür, bura bizim üçün daha doğmadır, qalmaq istərdik. Qısa müddət ərzində Bakıya və buradakı insanlara o qədər öyrəşmişik ki, çox darıxacağıq gedəndə. Amma hələlik bilmək olmaz, çünki qərarları biz vermirik. Bayaq qeyd etdiyim kimi, bizim həyatımızı bəzən bir telefon zəngi də dəyişir...