"Türk dili rəsmi dil elan edilsin"

Ekspress 2003-11-06

İran çoxmillətli dövlətdir və buradakı mövcud rejimin etniklərlə bağlı yürütdüyü siyasət ucbatından azərbaycanlıların yaşadıqları əyalətlər iqtisadi, siyasi, mənəvi sahələr baxımından ölkənin ən keridə qalmış ostanlarıdır. Güney Azərbaycan türkləri belə hesab edirlər ki, İranda millətlər arasında dostluğun əldə edilməsi üçün etniklərin azadlığına nail olmaq baxımından qurulacağı vəd edilən gələcək federasiya sistemlərində həmin subyektlərdəki millətlərin dili rəsmi dövlət dili sayılmalıdır.


İranda dərc olunan "Nevide-Azərbaycan" qəzetinin yazdığına görə, bu barədə dünən Güney Azərbaycan Milli Hərəkatının bir qrup ziyalısının yaydığı müraciətində bildirilir.
Sənədə görə, İrandakı Azərbaycan türkləri bu ölkədə əhalinin əksər çoxluğunu təşkil edir. "Ona görə də burada türk dilinə fars dili kimi rəsmi dövlət statusu verilməlidir".


Güney Azərbaycan ərazisinin fars şovinizmi tərəfindən parçalanaraq, türk olmayanların inzibati bölgüsünə qatıldığını xatırladan bəyanat müəlliflərinin fikrincə, nə qədər ki, gec deyil, rəsmi Tehran ölkə daxilində geniş vüsət alan etiraz dalğalarının qarşısını almaq üçün yeni Azərbaycan əyalətlərinin formalaşdırılmasına start verməlidir. "Bu istlahatlar nəticəsində şərəfli və qocaman Azərbaycan adı yenidən Ərdəbil adına qaytarılmalıdır".

Bundan başqa, İran Konstitusiyasında 15-ci (dillə bağlı), 19-cu (millətlərin bərağbərhüquqluluğu) və 48-ci (iqtisadi bərabərlilik və milli sərvətlərdən bərabər şəkildə itsifadə) maddələrin dəyişdirilməsini, yaxud da onlara düzgün icra olunmasını vacib sayan ziyalılar rəsmi Tehranı BMT-nin millətlər və cəmiyyətlər haqqındakı bəyannamələrinə hörmətlə yanaşmağa çağırırlar. Onların fikrincə, İranda milli çoxlüq təşkil edən insanların haqların hörmət naminə Azərbaycan türkcəsinin ədəbi formasında radio və televiziya verilişlərinin yayınlanması üçün şərait yaradılmalı və Təbrizdə "Türk dili akademiyası" təsis olunmalıdır.

Ölkə həbsxanalarında azərbaycanlı məhbuslara qarşı işgəncələrə son verilməsini tələb edən bəyanat müəllifləri həmçini İran hakimiyyətini güneylilərin mədəni sərvətlərinə də hörmətlə yanaşmağa çağırırlar. Onların fikrincə, Babək qalası və digər bu kimi Azərbaycan abidələri YUNESKO tərəfindən rəsmi şəkildə mədəni tarix abidəsi kimi tanınmalıdır. Sonda sənəd müəllifləri həmçinin rəsmi Tehranı erməni daşnaklarının türklərə qarşı yürütdüyü siyasəti pisləyərək onlar təərfindən törədilmiş türk soyqırımını tanımamağa çağırırlar.


Xezer Altay


baş sayfe Biz ile bağlantı