Təkamül və ya inqilab?
 
Çöhrəqanlı Türkiyəyə getdi və özündən sonra bu sualı saxladı
İranda gözlənilən növbəti seçkiləri boykot etmək barədə də qərar qəbul edilib.
 

Olaylar 2003-08-28
Quzey Azərbaycanı tərk edərək Türkiyəyə yola düşən, bir müddət bu ölkədə qalaraq müxtəlif görüşlər keçirməyi və daha sonra Avropa ölkələrinə turneyə çıxmağı planlaşdıran GAMOH lideri Mahmudəli Çöhrəqanlı bildirib ki, GAMOH rəhbərliyinin təlimatına görə, bundan sonra güneyli soydaşlarımız daha da aktivləşməli, hər iki aydan bir müxtəlif aksiyalar keçirməlidirlər.


Eyni zamanda İranda gözlənilən növbəti seçkiləri boykot etmək barədə də qərar qəbul edilib. Şübhəsiz ki, bütün bu deyilənlər gerçəkləşərsə, çox yaxın zamanlarda vətənimizin güneyində çox maraqlı olayların şahidi olacağıq. Hələlik isə adama ilk baxışdan elə gəlir ki, Güneydə və ümumiyyətlə, İranın hər bir tərəfində müəyyən durğunluq hökm sürür. Əslində isə bu, aldadıcı bir təsəvvürdür. Belə ki, hazırkı durğunluq fırtına öncəsi durğunluqdan başqa bir şey deyil. Mahmudəli bəy demişkən, Güneydə Oyanış Hərəkatı bir an belə durmur. Sadəcə bəzi aktiv fazadan passiv fazaya keçir.

Bu zaman hərəkat əməllərdə deyil, şüurlarda davam edir. Yəni hər kəsin nəzərini özünə cəlb edən aksiyalar gerçəkləşdirilir, ardınca isə onların şüurlarda inikası və təhlili dövrü başlayır. Fakt budur ki, Güney Azərbaycanda başlayan Milli Oyanış Hərəkatının dalğası artıq türkmənlər, eləcə də Xorasan və qaşqay türklərinə də çatıb və hərəkat artıq ümumtürk hərəkatı mahiyyəti qazanmaqdadır. Bu hərəkatın İranın digər xalqlarına da müsbət təsiri davam edir. Faktiki olaraq, İran xalqlarının, yəni əhalinin böyük bir hissəsi radikal dəyişikliklərə tam hazırdır. Ölkədə yeni bir inqilab üçün daxili şərtlər artıq yetişib. Xarici şərtlər də yetişmək üzrədir. Son günlərdə baş vermiş iki mühüm hadisə xarici şərtlərin yetişməsini daha da sürətləndirib.

Bu olaylardan birincisi Tehrandakı son mitinqlər zamanı baş verənlərlə dünyanı tanış edən İran mənşəli bir Kanada vətəndaşının həbs edilərək işgəncələrlə öldürülməsi, digəri isə İngiltərədə vaxtı ilə Argentinada səfir işləmiş və bilavasitə qanlı terror aksiyasına rəhbərlik etmiş bir İran vətəndaşının həbs edilməsidir. Hər iki hadisə İran rəhbərliyinin əsl simasını dünyaya göstərmək baxımından böyük önəm daşıyır. Əgər Kanada vətəndaşı, 54 yaşlı Zəhra Kazıminin döyülərək qətlə yetirilməsi faktı molla rejiminin vəhşiliyindən, qaniçənliyindən, insan hüquqlarına sayğısızlıqdan xəbər verirsə, İran diplomatının həbsi və Argentinada törətdiyi cinayətin üzə çıxması İranın terrorçu dövlət olduğunu sübut edir. Belə bir cinayətkar, barbar və insanlıq düşməni rejimin nüvə silahı istehsalı ərəfəsində olduğu faktı, təbii ki, mütərəqqi dünyanı narahat etməyə bilməz.

Türkiyəyə səfər ərəfəsində istiqlala aparan iki yolun olduğunu bildirən cənab Çöhrəqanlı haqlı olaraq bu yollardan birinin təkamül, digərinin isə inqilab olduğunu bildirdi və sözlərinə onu da əlavə etdi ki, ona qarşı çıxan, özünü “istiqlalçı” adlandıran və inqilab yoluna üstünlük verən qrupdan fərqli olaraq onun və başçılıq etdiyi təşkilatın yolu təkamül yoludur. Təbii ki, bu, doğru mövqedir. Amma ortaya iki sual çıxır:

Hazırkı molla rejimini təkamül yolu ilə devirmək mümkündürmü? Molla rejimi devrilmədən Güneydəki təkamül hərəkatı bir nəticə verə bilərmi? Təbii ki, molla rejimi devrilmədən Güney məsələsində irəliləyişə nail olmaq, molla rejimini isə inqilabdan başqa bir yolla, yəni təkamül yolu ilə devirmək mümkün deyil. Bəs, o zaman nə etməli, necə bir mövqe seçməli? Türkiyəyə yola düşən Mahmudəli bəyin özündən sonra saxladığı sual və əsl məsələ, bax, budur. Xoşbəxtlikdən bu sualın cavabı çox sadədir:

Güney məsələsindəki hədəflərimizə çatmaq üçün bizə ümumiran miqyaslı bir inqilab və hadisələrin gedişinə uyğun olaraq ümumgüney miqyaslı demokratik təkamül hərəkatı lazımdır. Yəni Tehranda inqilab bilavasitə azərbaycanlıların işi deyil, farslar da daxil olmaqla bütün xalqların birgə görməli olduğu işdir. Təbriz, Urmiya, Ərdəbil və s. Güney şəhərlərində isə inqilaba ehtiyac yoxdur. Çünki Tehranda molla rejimi devrildikdən sonra onun yerlərdəki nümayəndələri də avtomatik olaraq səlahiyyətlərindən məhrum olacaqdır. Bir sözlə, inqilab Təbrizdə yox, Tehranda olmalıdır və soydaşlarımız da bu inqilabda ən fəal şəkildə iştirak etməlidir, əks təqdirdə Güneydə heç bir demokratiyaya, milli hüquqların bərpasına və təbii ki, heç bir təkamülə nail olmaq mümkün olmaz.

 İndi Güneydəki hərəkat üzvləri inqilabdan sonrakı dövrə hazırlaşmalı, indidən Güneyin Konstitusiyası, parlamenti, hökuməti və icra orqanlarının yaradılması barədə düşünməlidirlər. Yəni biz Tehran inqilabından sonrakı dövrə, o cümlədən bu dövrdə baş verəcək hakimiyyət bölgüsünə hazırlaşmalıyıq. Əgər yolumuz gerçəkdən də təkamül yoludursa, buna mütləq hazır olmalıyıq. İnqilabdan sonrakı dövrdə söz sahibi ola bilmək üçün isə həmin inqilabda mütləq ən fəal şəkildə iştirak etmək lazımdır. Əks təqdirdə arzuların gerçəkləşməsi mümkün olmaz.

Bəxtiyar Tuncay