|
İranda siyasi böhran dərinləşir |
| Artıq bir neçə gündür ki, dünyanın aparıcı informasiya agentlikləri və mətbuat orqanlarının diqqəti hazırda İranda yaşanan bir çox analitik və şərhçi tərəfindən siyasi böhran kimi dəyərləndirilən olaylara yönəlib. |
Seçilib-seçilməmək hüququndan məhrum edilmiş şəxslər içərisində ayrı-ayrı milli azlıqların, o cümlədən İran əhalisinin əksəriyyətini təşkil etsə də, milli azlıq durumunda olan türkləri təmsil edən və milli azlıqların hüquqlarını müdafiə edəcəklərini bəyan edən yüzlərlə İran vətəndaşı ilə yanaşı prezident Məhəmməd Xatəminin islahat kursuna tərəfdar olanların da bulunması, eləcə də onlardan bir qisminin hazırda deputat mandatına sahib olması parlamentdə əksəriyyət təşkil edən “islahatçılar”ın parlament binasında oturaq tətil keçirməsinə səbəb olub. Deputatların bu dinc etiraz aksiyasına 10-dan artıq “islahatçı” nazir də özünəməxsus şəkildə qoşulub. Bəzi mənbələrə görə, 12, digərlərinə görə isə 16 nazir prezidentə öz istefa ərizəsini təqdim edib. Prosesdə “islahatçı” cəbhə nümayəndələrinin fəal iştirak etməsi hazırkı siyasi böhranın dünya mediası tərəfindən “islahatçı” - “mühafizəkar” qarşıdurmasından qaynaqlanan bir böhran kimi təqdim edilməsinə, bundan heç də az önəm daşımayan fars şovinizminə qarşı milli azlıqların öz hüquqları uğrunda mübarizəsi faktorundan isə, demək olar ki, söz açılmamasına səbəb olub. Hərçənd ki, hüququ tapdalanan və namizədliyi qeydiyyata alınmayanlar təkcə hazırkı 80 “islahatçı” deputatdan ibarət deyil. Belələrinin sayı 2000-dən artıqdır və onların əksəriyyətini öz milli hüquqlarını tələb edən, nə “islahatçılar”ı, nə də “mühafizəkarlar”ı qəbul etməyən milli azlıqların nümayəndələri təşkil edir. Əlbəttə, indiki situasiyada bu, çox az adamı maraqlandırır. Xarici müşahidəçilər üçün indi siyasi böhranın bütün səbəb və incəlikləri yox, faktın özü maraqlıdır. Çünki İrandakı 1979-cu il islam inqilabından bu yana buna bənzər hadisə baş verməyib. Elə bu səbəbdən də çoxları hazırkı durumu böyük dəyişikliklərin ərəfəsi və ya başlanğıcı adlandırırlar. Qeyd edək ki, hazırkı böhranın konstitusion həlli yoxdur. Çünki mövcud Konstitusiya “mühafizəkarlar”a o qədər çox səlahiyyət verir ki, nə prezident, nə də parlament İnqilab Keşikçiləri Şurasının razılığı olmadan Konstitusiyaya əlavə və dəyişikliklər etmək imkanına sahib deyil. Odur ki, məsələnin iki həll yolu qalır. Ya “mühafizəkarlar” xoşluqla geri addım atmalı və onsuz da son dərəcə azalmış nüfuzlarını tamamilə itirməlidirlər, ya da mövcud quruluş zor yolu ilə, yəni qeyri-konstitusion yolla, başqa sözlə, inqilab yolu ilə dəyişdirilməli, ali dini rəhbərin və İslam Keşikçiləri Şurasının qeyri-məhdud səlahiyyətlərinə son qoyulmalıdır. Ağıl və məntiq birinci varianta üstünlük veriləcəyini və bununla da molla hakimiyyətinin öz ömrünü bir qədər də uzatmağa çalışacağını söyləməyə əsas verir. Amma nəticə çıxarmağa tələsməyək, çünki İran siyasətində son dövrlərdə ağıl və məntiqdən heç bir əsər-əlamət qalmayıb. Heç kəsə, o cümlədən mühafizəkar mollaların özlərinə də sirr deyil ki, vəziyyət uzun müddət bu cür davam edə bilməz. Durum bir neçə gün də belə davam edərsə, bu, xalq kütlələrinin ayaqlanmasına gətirib çıxara bilər və çox güman ki, belə də olacaq. O zaman kütlənin yeni bir inqilaba imza atmayacağına heç kəs zəmanət verə bilməz. Hələlik isə İranın 93 vilayətinin rəhbəri prezident Məhəmməd Xatəmiyə müraciət edərək ona dolayısı ilə öz dəstəklərini bildirmişlər. Bu isə o deməkdir ki, kütlə ayağa qalxarsa, ona müqavimət göstərilməyəcək. Belə bir şəraitdə GAMOH-un yarana biləcək yeni şərtlərə tam hazır olması və maksimum nəticələr əldə edə bilməsi üçün əlindən gələni etməsi son dərəcə vacibdir. Bu fürsəti əldən buraxmaq olmaz. Fürsəti əldən buraxmamaq üçün siyasi mübarizəni təkcə Təbrizdə və Güney Azərbaycanın ayrı-ayrı kənd və şəhərlərində deyil, həm də Tehranda aparmaq vacib şərtdir. Çünki İranın, o cümlədən Güney Azərbaycanın gələcək taleyi Təbrizdə yox, Tehranda həll ediləcək. Odur ki, Tehranda söz sahibinə çevrilmək üçün bütün qüvvələr səfərbər edilməlidir. Çöhrəqanlı Səttarxanın, Xiyabaninin və Pişəvərinin səhvlərini təkrar etməməli, özünü onların yox, Qacarların varisi kimi aparmalıdır. Bəxtiyar Tuncay |
|
|
|