Ekspress 2003-09-20
İranın keçmiş şahı,
hazırda Amerikada yaşayan Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Diba və oğlu
Rza şah təmsil etdikləri Pəhləvilər sülaləsinin tarixdəki yeri və eləcə də
İrandakı millətlərin tariki köklərindən bəhs edəcək yeni film çəkdirirlər.
Güneydəki mənbələrdən "Ekspress"ə verilən məlumata görə, 4 nəfər isveçli
rejissorun rəhbərliyi altında çəkilən filmdə kifayət qədər saxta
məlumatlardan istifadə olunmaqla, İrandakı Azərbaycan türklərinin tarixi
mücadiləsi və daha çox Məşrutə hərəkatı haqqında qondarma məlumatlar əks
olunur.
Qeyd edək ki, filmdə əsasən məşhur fars şahı və hazırda farsların az qala
"Allah" kimi qələm verdikləri Kurus şahın dövründə ölkədəki ictimai-siyasi
prosesilər barədə geniş söhbət açılır və onun zamanında İranda baş verən "dəyişikliklər",
"uğurlar" Pəhləvilər sülaləsinin hakimiyyəti illərilə müqayisə edilir.
Almaniyada çıxan "Kir" qəzetinin məlumatına görə, bu ilin sonlarına qədər
hazırlanaraq, ictimai baxışa çıxarılacaq filmdə həmçinin İranın tarixində
farsların yeri də geniş təhlil olunur.
Müəlliflərin fikrincə, əsasən fars
xalqının səyi nəticəsində qurulan İran dövlətinin şahlıq dövrü hazırda bütün
dünyada qəbul olunmuş insan haqları, etniklərlə münasibət digər məsələlərə
yanaşmada "ideal" xarakter alıb. Böyük Kurusun dövlətçilik "təcrübəsinin"
Pəhləvi hakimiyyəti dövründə də geniş tətbiq olunduğu bildirilən filmdə
həmçinin İranda qeyri-millətlərin, Azərbaycan türklərinin də farslarla eyni
hüquqlara malik olduğu barədə yalan məlumatlar əksini tapır.
Mənbə onu da bildirir ki, filmin ssenarisində həmçinin İrandakı etniklərin
hamısının eyni "hüquqa" malik olduqları və onların guya ki, birmənalı şəkildə
şahlıq üsul idarəsi ətrafında birləşmələri barədə də məlumatlar verilir.
Mövzu ilə əlaqədar İran mətbuatının yazdığına görəsə, Rza Pəhləvinin birbaşa
sponsorluğu altında ərsəyə gətiriləcək bu film Amerika ilə yanaşı, Avropanın
da bir çox iri şəhərlərində televiziyalarda yayınlanacaq. Ymumilikdə İranın
tarixinin təhrif olunduğu filmdə ölkədəki etniklərin, eləcə də Azərbaycan
türklərinin "payı" da az deyil. Məsələ ilə bağlı etiraz bəyanatı yayan milli
hərəkat fəalları şah rejimini və onun olub-qalan təmsilçilərini güneylilərlə
bağlı əkstəbliğat aparmaqdan əl götürməyə çağırıblar.
Xezer Altayli
|