| “Savalan”birlik və bütövlük rəmzidir | |
| Tehran nədən ehtiyatlanır?
|
|
![]() |
Olaylar
07/01/2004 “Bir gün gələcək bütün yollar dağlar sultanı, dağlar şahənşahı, dağlar piri Savalana gedəcək!” Bu sözləri Böyük Elçibəy bir neçə il öncə deyib. O, bunu deyəndə Azərbaycanın bütövləşmə yolunu, mənəvi təmizlənmə yolunu və dövlətləşmə yolunu nəzərdə tuturdu. |
| Savalan onun anlamında təkcə coğrafi
mənada dağ deyildi, həm də inanc qaymağı (Elçibəy), ümid çırağı, zəfərə
çağırış məbədgahıdır.
Bir sözlə, Savalan azərbaycanlılar üçün bir rəmzdir-azadlıq, birlik, dövlətləşmə, millətləşmə, özünə qayıdış rəmzi. Ona görədir ki, Quzey Azərbaycanda jurnalistlərə “Savalan” mükafatının verilməsi adi təqdimetmə və sonra yaddançıxarma mərasimi ola bilməzdi. “Savalan” mükafatını təşkil etmək və ona layiq olmaq hər bir azərbaycanlı üçün hadisədir. 26 jurnalistimiz bu hadisənin “törədicisi”, Elçibəyin məlum çağırışının daşıyıcılarıdır. Bu mükafatı təqdim etmək, Azərbaycanı bütöv görmək istəyinin ifadəsidir. Onu gizlətmirik. Bunları İranın rəsmi dairələrinin də anladığını bilirik. Onda da təəccüblü bir şey yoxdur. İranın KİV-nin bu hadisəyə geniş yer ayırmasını normal qarşılayırıq. Bəli, bu, onlar üçün də hadisədir. Təbrizin, Urmiyanın, Ərdəbilin tozlu küçələrində Milli Oyanış səadətini yaşayan türk çocuğunun səsinin dünya mətbuatında hayqırtıya çevrilməsinə görə hadisədir. Artıq Elçibəyin Savalan rəmzi milli istəyə, siyasi fəaliyyət növünə çevrilib. Güneyli azad olmaq istəyir, Quzeydə özəl yazarlar bunu qeydə alır. Hadisə budur. O hadisənin Tehranın rəsmi dəhlizlərində və informasiya məkanında doğurduğu əks-səda isə başqa hadisədir. İranın qorxuya düşməsinə əsas var? Bizcə, yoxdur. Çünki hər bir millətin öz haqlarını tələb etmək hüququ var. Güneydə də insan haqları məsələsi bərbad vəziyyətdədir. Orada insanlar öz ana dilində təhsil belə ala bilmirlər. Hər hansı azadfikirlilik edamla nəticələnir. Molla rejimi sui-qəsdləri, qətlləri, izləmələri, insanları mənən sındırmaları adi iş üsulu sayır. Minlərlə türk bu amansız “maşının” qurbanı olub. Bəs bu millət nə etməlidir? Onun dirçəlməyə, oyanmağa, ləyaqətini qorumağa haqqı yoxdur? Bu təbii haqlardan yazmağa hər hansı quzeyli Azərbaycan türkünün haqqı çatmır? Yəni bizlər Güneydə nəyin baş verməsindən asılı olmayaraq, rəsmi Tehranın ağzından çıxanı tutuquşu kimi təkrar etməliyik? Heyrətedici qısqanclıq və eqoizm əlamətidir. Ancaq təkcə bu deyil. Burada əsrlərdir, farsın içində bəslədiyi bir imperiya xisləti var. O xislət azərbaycanlının hər hansı haqqını tapdalamağa hər an hazırdır. Ancaq zaman dəyişir. Zaman dəyişdikcə millətlərin psixologiyası dəyişir. İnsanlar haqlarını daha qətiyyətlə tələb edirlər. Tələb etdikcə böyüyür, qətiləşir, inadkarlaşırlar. Ona görə də Bakıda jurnalistə mükafat təqdimetmə mərasiminə Tehranda “rəsmi toplantı” adı verirlər. Hərçənd rəsmi Bakı qəti surətdə bu məsələlərə qarışmır. Güney Azərbaycan mövzusu onun üçün yoxdur. Bundan fərqli olaraq rəsmi Tehran ölkəmizin daxili işlərinə bir neçə dəfə qarışıb. Son illər baş verənlər hər kəsin yaddaşındadır. İranda jurnalistlər GAMOH-un Bakıdakı ofisi yananda heç rahatsız olmadılar. O hadisəni heç hallandırmadılar da. Hər vəchlə çalışdılar göstərsinlər ki, onlar üçün GAMOH adlı qurum heçdir, heç tanımaq belə istəmirlər. Ancaq “Savalan” mükafatının verilməsindən çox rahatsız oldular. Budur, peşə obyektivliyi? İranda “Savalan”dan ehtiyatlananlar öz ölkələrinin demokratikləşməsindən qorxanlardır. Onun başqa mənası yoxdur. Proseslər göstərir ki, İran cəmiyyət olaraq “açılmalı”, insan haqlarına sayğı olmalıdır. İranın özündə bunun belə olmasını istəyənlər də var. Ancaq əks mövqedə olanlar da az deyil. O dairələr ölkə haqqında hər hansı azad informasiyanı dövlətə qarşı yönələn kimi qəbul edirlər. Güney Azərbaycanda əhali hüquqlarını tələb edir, bəziləri bunda Quzeyin barmağını axtarır. Çünki demokratikləşmədən qorxurlar. Özlərinin iç problemlərini etiraf edib, onları həll etmək əvəzinə, kənarda müxtəlif səbəblər axtarırlar. Ona görə də “Savalan” kimi mükafatlarda siyasi mənalar gəzirlər, İranın parçalanması nişanələri axtarırlar. Quzeydə heç bir jurnalist İranı parçalamaq haqda
düşünmür. “Savalan” da parçalama, zərər vurma əlamətini yox, birləşmə
rəmzini ifadə edir. “Savalan” Savalanın tarixi missiyasının qələmdə
daşıyıcısıdır. Yəqin ki, bir çox millətlərin həqiqi dostlaşması elə
“Savalan” timsallı mükafatlardan başlayır. |
|
|
|
|