|
İran-Azərbaycan münasibətləri və Güney məsələsi
|
|
Seçkidən sonra yaranan situasiyada Tehran bəzi yenilikləri nəzərə almaq zorundadır |
O siyasi kursda İranla qonşuluq münasibətlərinin inkişaf etdirilməsi əsas götürülüb. Azərbaycan tərəfinin bu kursa sadiq qalacağına şübhə yoxdur. Lakin elə prezident seçkisi ərəfəsi və ondan sonra İran tərəfdən atılan bəzi addımlar və Güney Azərbaycan məsələsi problemə daha dərindən nəzər salmağın vacibliyini təsdiq edir. Məsələ burasındadır ki, İran “Səhər-2” telekanalı vasitəsilə yaydığı informasiyalarla ölkəmizin daxili işlərinə qarışdı. O, bəzi qüvvələri qızışdırmaqla ölkədə qarışıqlıq yaratmağa çalışdığını büruzə verdi. Azərbaycan tərəfinin rəsmi təpkisindən sonra bu telekanalın bura yayımının əngəllənəcəyini vəd etsələr də, hələ əməllərindən qalmırlar. “Səhər-2” eyni tonda verilişlərini davam etdirir.
Ancaq problemə Güney Azərbaycan prizmasından baxanda daha maraqlı məqamlar üzə çıxır. Quzey Azərbaycan dövləti Güneydəki proseslərə heç vaxt müdaxilə etməyib. İ.Əliyevin prezident olması ilə də müdaxilə etmək fikrində deyil. Buna baxmayaraq, Güney Azərbaycanda milli oyanış hərəkatının güclənəcəyi çox ehtimallıdır. Bunun bir səbəbi güneylilərin öz hüquqları uğrunda mübarizəni gücləndirmək məcburiyyətində olmalarıdır. Güneydə hələ də ana dilində məktəb yoxdur, soydaşlarımızın türk kimi hüquqlarının təmin olunması lazımi səviyyədə deyil, milli mədəniyyətin inkişafına diqqət yoxdur və s. Vəziyyətin yaxşılığa doğru dəyişəcəyi də hiss olunmur. Rəsmi Tehran özünü eşitməməzliyə vurur. Üstəlik güneylilərin hərəkatını çaşdırmaq, onu müxtəlif yerlərə yozmaq, sındırmaq üçün müxtəlif hiylələrə əl atır. Yəni duyulmur ki, Tehran öz vətəndaşlarının problemlərinin həllində maraqlıdır. Müəyyən zamandan sonra nələrisə etmək və dəyişmək istiqamətində də hansısa işartılar var. Təbii, bunları güneylilər hamıdan yaxşı bilirlər və təbii hüquqları uğrunda çarpışmaq zorundadırlar. Odur ki, kimsənin Güney hərəkatının səbəbini başqa yerdə axtarmaq cəhdi özünü aldatmaqdan başqa bir şey deyil. Bununla yanaşı məsələnin başqa tərəfi də var. O da İlham Əliyevin dönəmində Azərbaycanda demokratiyanın daha da güclənməsi və dövlətin daha da qüdrətli olması həqiqətinin dərk edilməsi ilə bağlıdır. İ.Əliyevin andiçmə mərasimində ortaya qoyduğu fəaliyyət planı belə düşünməyə əsas verir. Orada Azərbaycana Qərb dünyasına inteqrasiyasını təmin edəcək, ölkəni sürətlə inkişaf etdirə biləcək müddəalar sistemli şəkildə mövcuddur. Bu, o deməkdir ki, yaxın perspektivdə Azərbaycan Şərq üçün demokratiya və qüdrətli dövlət nümunəsi ola bilər. O cümlədən İranda da Azərbaycana həsədlə baxanlar çox olacaq. Azərbaycandakı quruluşa uyğun dövlət yaratmaq həvəsi çoxalacaq. Tarixdə
belə siyasi nümunələr çox olur. Elə indi də Qərb müsəlman dünyasına
Türkiyəni nümunə kimi görür. Güneydəki soydaşlarımız üçün isə Türkiyə ilə
yanaşı Azərbaycan da nümunə rolunu oynayacaq. Yəni Azərbaycanın
demokratikləşməsi və güclənməsi İranda demokratik hərəkata müsbət mənada
təkan verəcək. Şübhə yoxdur ki, İranın bəzi dairələrinin Azərbaycandakı
seçkiyə kəskin reaksiya vermələri səbəbi bundan ibarətdir. Onlar nə seçkini
poza bildilər, nə də İ.Əliyevin seçilməsinə əngəl yarada bildilər. Lakin bu
da son deyil. Hesab edirik ki, İran Azərbaycanla dil tapmaq şansını hələ tam
itirməyib. Təbii proseslərə qarşı çıxmaqdansa mehriban qonşuluq mövqeyinə
keçmək sərfəlidir. Ümid edirik ki, İranda bunu başa düşəcəklər. |