"Vətən bizə yox, biz vətənə borcluyuq"
525ci
qazet 2003-10-29
- Mənim üçün dünyada vətəndən qiymətli heç nə yoxdur. Həmişə çalışmışam ki, az da olsa, vətənimə xidmət edim. Bəziləri məni bu yoldan çəkindirmək istəyib. Hətta gördüyüm işlərə və söylədiyim fikirlərə görə məni ölümlə də hədələyiblər. Amma mən heç nədən qorxmamışam. Çünki vətən uğrunda ölməyi özümə şərəf bilirəm. Təsəvvür edin ki, övladlarımdan birinin adı Azər, o birininki isə Baycandır. Onlar dünyaya gələndə Azərbaycan hələ müstəqilliyinə qovuşmamışdı. Amma mən o günü səbirsizliklə gözləyirdim.
Həmin günün gəlməsi üçün vuruşmağa belə hazır idim. Təəsssüf ki, vətəni bu qədər sevməyimi ailəm düzgün başa düşmədi. Onlar məni anlamaqda çətinlik çəkdilər. Məni bu şəkildə qəbul edə bilmədikləri üçün seçim qarşısında qaldım. Belə olduqda, necə deyərlər ailəmi vətənimə qurban verdim. Nəticədə 2000-ci ildən Azərbaycanda yaşamalı oldum. Burada yaşadığım yer əslində ev yox, dükandır. Nə pəncərəsi, nə də istiliyi var. Heç bir yerdən gəlirim olmadığı üçün maddi imkanım da çox məhduddur. Yaşadığım yerdən də dükan kimi istifadə edə bilmirəm. İsveçdəki evimi Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlıya görə satmışam.
O, mənim evimin puluna gözünü əmliyyat edib. Hazırda ailəm İsveçdə kirayədə yaşayır. Onlar məni qəbul etməsələr də, tez-tez onlara zəng edirəm. Çünki ailəmi çox istəyirəm. Amma vətənimi ailəmdən də üstün tuturam. Vətən olan yerdə var-dövlət önəmli deyil. Bu yaşımda hər şeyimi vətənimə qurban verib küçədə yaşamağa razıyam. İnanın ki, əgər Mahmudəli Çöhrəqanlı istəsə, indi qaldığım yeri də satıb pulunu ona göndərərəm. Hatta lazım gəlsə, Qarabağda vuruşub şəhid olmağa da hazıram. Düzü, bəzi insanları heç cür başa düşə bilmirəm. Onlar deyirlər ki, vətən bizə nə verib ki, onun uğrunda vuruşaq? Axı vətən bizə nə verə bilər ki? Vətən sudan, torpaqdan, meşədən, ormandan ibarətdir. Həmin insanlar bilmirlər ki, vətən bizə yox, biz vətənə borcluyuq.
- Qasım bəy, İsveç vətəndaşlığını nə vaxt qəbul etmisiz? Ümumiyyətlə,
İsveçdə yaşayarkən Azərbaycanla yaxından əlaqələr qura bilmişdinizmi?
- 1986-cı ildə ailəmlə birgə İrandan qaçdım. Bir müddət Türkiyədə,
Bolqarıstanda, İraqda qaldıqdan sonra BMT bizi qaçqın kimi İsveçə göndərdi.
1987-ci ildən bu ölkənin vətəndaşıyam. İsveçə getdikdən sonra müxtəlif yerlərdə
işlədim.
1989-cu ildə İsveç televiziyasında tez-tez Azərbaycanın xəritəsini
göstərirdilər. Onda İsveç dilini bilmirdim. Məcburiyyət qarşısında qalıb
tərcüməçi tutdum. Tərcüməçidən televiziyada Azərbaycanla bağlı nə
danışıldığını soruşduqda dedi ki, Azərbaycan SSRİ-dən ayrılmaq istəyir və
bunun üçün mitinqlər keçirilir. Təsəvvür edin ki, həmin an mən sevincimdən
ağlayırdım. Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağını fikirləşdikcə
gözlərim işıqlanırdı. Nəhayət 1991-ci ildə Bakıya gəldim. Azərbaycanla,
buradakı insanlarla yaxından tanış oldum. İsveçə qayıtdıqdan sonra
diasporumuzun formalaşdırılması istiqamətində işlərimizi sürətləndirdim.
Azərbaycan Kültür Cəmiyyəti yaradıb ona rəhbərlik etdim. Həmin mərkəzin xətti ilə dəfələrlə Azərbaycana maddi yardım göstərdik. İsveçdə yaşayan azərbaycanlılardan vəsait toplayıb 1995-ci ildə Müdafiə Nazirliyinin hesabına köçürtdük. Bundan əlavə cəbhə bölgəsinə 2 ton paltar və ayaqqabı göndərdik. Şəxsi kameramla dəfələrlə cəbhə xəttinə gedib çəkilişlər apardım. Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hazırladığım materialları xarici telekanallara göndərdim.
Mən həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Skandinaviya
ölkələrindəki nümayəndəsi kimi fəaliyyət göstərmişəm. Bu müddətdə dostlarımla
birgə Ərdəbil və Türkiyədəki Adapazarı zəlzələlərindən zərər çəkənlərə də
kömək göndərmişəm. Azərbaycan ziyalılarının böyük əksəriyyəti bütün bunları
bilirlər. Əgər cüzi miqdarda da olsa, vətənim üçün iş görmüşəm, deməli,
dünyanın ən xoşbəxt insanıyam.
- Məcburiyyət qarşısında qaldığınız üçün İranı tərk etmisiz, yoxsa bu
ölkədə yaşamağı məqsədəuyğun bilmədiniz?
- Həm atam, həm də anam savadsız olub. Onlar məktəbə getməyimə icazə
verməyiblər. Amma uşaqlıq dövründə aşıq sənətinə, dastanlara məndə həddindən
artıq maraq var idi. O vaxtlar payız və qış gecələrində aşıqlar bir evə
yığışıb dastanlar söyləyirdilər. Ailəmizlə birgə Tehrana köçdükdən sonra
işləməyə başladım. Fars dilini bilmədiyim üçün mənə verilən tapşırıqları yaxşı
yerinə yetirə bilmirdim. Ona görə də kötəklənirdim. Nəticədə isə kötək
yeyə-yeyə fars dilini öyrəndim. Üstəlik iki aylıq savad kursuna yazıldım.
Oxuyub-yazmağı öyrəndikdən sonra Tehrandakı bütün kitabxanaları gəzib
Azərbaycan nağıllarını oxudum. Hətta gizli yolla SSRİ-dən İrana gətirələn
Qaçaq Nəbi kitabını oxumaq üçün kril əlifbasını öyrəndim.
Həmin dövrdə farsların Azərbaycan türklərini aşağılaması, bizə təhqiramiz sözlər deməsi mənə pis təsir göstərirdi. Başa düşürdüm ki, Azərbaycan ikiyə parçalanıb və bir hissəsi Rusiyanın, bir hissəsi isə İranın əsarətindədir. Ona görə də əsas məqsədim Azərbaycanın bütövləşməsinə çalışmaq idi. O vaxtlar biz SSRİ-nin dağılacağına inanmırdıq. Fikirləşirdik ki, İran da sosialist olsa, Azərbaycan birləşə bilər. Ona görə də bir müddət İran kommunistlərinə yaxınlaşdıq. Həmin dövrdə İrandan qaçmağı da düşünürdüm. Hətta üstümdə xəritə gəzdirirdim ki, İrandan hansı qonşu ölkəyə qaçmaq olar. Əvvəlcə İraq və Türkiyəyə qaçdım. Amma hər ikisində məni İrana qaytardılar.
Nəhayət hazırda Hollandiyada yaşayan Əli Qəbərzadə adlı dostumla birgə 1966-cı ildə Muğan tərəfdən Azərbaycana keçdim. Bizi həbsə alıb sorğu-sual etdilər. Nə qədər yalvarsaq da, sonda bizi İrana təhvil verdilər. İranda 3-4 ay həbsdə qaldıq. Ailələrimiz pul verib bizi həbsdən qurtardıqdan sonra Türkiyəyə getdim. İki il orada yaşayıb yenidən İrana qayıtdım. Bu dəfə məni solçulara silah verdiyim üçün həbs etdilər. Həbsdən çıxdıqdan sonra İslam İnqilabı başladı. 1986-cı ildə yenidən ailəmlə birgə Türkiyəyə qaçdım və bir daha İrana qayıtmadım.
- Qasım bəy, əvvəlki illərlə müqayisədə artıq zəif də olsa, Azərbaycan
diasporu formalaşıb. Sizcə, diasporumuz həm Qarabağ münaqişəsinin, həm də
Güneylə bağlı problemlərin həllinə kömək göstərə bilərmi?
- Mən də hesab edirəm ki, zaman keçdikcə diasporumuz güclənir. Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da,
sözsüz ki, bu prosesə müsbət təsir göstərir. Amma unutmayaq ki, xaricdə
yaşayan soydaşlarımızın aktiv fəaliyyət göstərmələrinə nail olmalıyıq. Nəzərə
almalıyıq ki, onların hamısı vətənpərvər deyil. Onların bir qismi sırf
iqtisadi səbəblərə görə xaricə gediblər. Ona görə də həmin soydaşlarımız
yalnız öz maraqlarını düşünürlər. Əgər biz qarşımıza qoyduğumuz məqsədlərə
çatsaq, diasporumuz həm Qarabağ, həm də Güney probleminin həllində bizə kömək
göstərə bilər. Amma bir məqamı unutmayaq ki, bir çox məsələlərin həlli Quzey
və Güney Azərbaycanda gedən proseslərdən asılıdır. Təəssüf ki, Güneydə olduğu
kimi Quzeydə də milli şüur sahəsində müəyyən problemlər var. Azərbaycan 12
ildir müstəqildir. Amma Azərbaycanda bir qrup insanlar var ki, rus dilində
danışırlar. Bütün bunlar onu göstərir ki, biz Azərbaycanda milli ruhun
güclənməsi istiqamətində təbliğat aparmalıyıq.
- Zaman keçdikcə Güneydə gedən azadlıq hərəkatı daha da güclənir. Bu
hərəkatın məntiqi sonunu necə görürsünüz?
- Əvvəlcə onu deyim ki, mən Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı
Bürosunun Mərkəzi Heyətinin üzvüyəm. Çalışıram ki, Güneydə gedən proseslərə öz
köməyimi göstərim. O ki qaldı bu hərəkatın məntiqi sonuna, yüzdə-yüz əminəm ki,
Güneylə Quzey birləşəcək. Təbii ki, bunun üçün müəyyən qədər vaxt lazımdır.
Ola bilsin ki, bu, mərhələ-mərhələ reallaşsın. Hər halda Azərbaycan mütləq
bütövləşəcək.