Olaylar 2003-08-21
|
Oyanış Araşdırma Mərkəzi təsis edildi |
|
| Mahmudəli Çöhrəqanlı: Oyanış Hərəkatını düzgün aparsaq, qurtulacağıq | |
![]() Dünən Oyanış Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin təqdimetmə mərasimi keçirilib. 1990-cı ildən Bakıda yaşayan, əslən Güney Azərbaycandan olan politoloq Aslan Xalidlinin rəhbərliyi ilə yaradılan mərkəzin məqsədi dünyada yaşayan azerbaycanlıların düşüncələrində türkçülük məfkurəsini və Azərbaycan dövlətçiliyi təfəkkürünü inkişaf etdirmək, Azərbaycanın ictimai-siyasi həyatında milli, mənəvi, tarixi və dini proseslərin inkişaf mərhələlərini araşdırmaqdır. |
|
Oyanış Az SAM Azərbaycanda marağı olan böyük dövlətlərin münasibətlərini də araşdıracaq. Mərkəz rəhbərinin sözlərinə görə, qurum fəaliyyətini Azərbaycanın mövcud vəziyyətini obyektiv incələməklə onun dünya dövlətləri ilə münasibətlərinin tənzimlənməsi və beynəlxalq informasiya məkanında Güney Azərbaycandakı mövcud siyasi proseslərin düzgün işıqlandırılması istiqamətində quracaq: Qarabağ münaqişəsində ermənipərəst mövqedən çıxış edən bəzi dövlətlər Azərbaycan türklərini parçalamaqda maraqlıdır. Fars və erməni lobbisi Azərbaycana qarşı həmişə eyni mövqedən çıxış edib. Oyanış Az SAM dünyada yaşayan azərbaycanlıları araşdırılmış informasiya ilə təmin edəcək. Yəni mərkəzin qurulmasına xeyir-dua verən Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlı qurumun Güneydə gedən Milli Oyanış Hərəkatına töfhələr verəcəyini vurğuladı. Doktorun fikrincə, millətin nicat tapması və tərəqqi etmiş millətlərə qoşulması üçün böyük oyanış hərəkatına ehtiyac var: Olumdan ölümədək oyanış! əsas şüarımız olmalıdır. Oyanmamışdıq ki, Məşrutə, Xiyabani, Pişəvəri hərəkatlarını uduzduq. Oyanmamışdıq ki, milli hökuməti təhvil verdik. 35 min insanımızın başları bədənindən ayrıldı. Təbrizdə su yerinə qan axdı. Oyanışa başlasaq, qurtulacağıq. Özü də istədiyimiz kimi qurtulacağıq. GAMOH lideri Aslan Xalidlinin təşəbbüsü ilə yeni mərkəzin qurulmasının vacibliyindən söz açdı: Qeyri-millətlərdə belə Strateji Mərkəzlər onlarladır. Mütəxəssislərimizin xeyli hissəsi özgə millətlər üçün işləyir. Azərbaycanlıların beyni millətin özü üçün işləməlidir. Aslan Xalidlini sadiq bir hərəkatçı kimi xarakterizə edən Mahmudəli bəy onun qarşıya qoyulan missiyanın öhdəsindən gələcəyinə inandığını bildirdi: Bu şərəfli insan millətini dərk edir. Aslan bəyə bu addımı atmasına görə təşəkkür edirəm. Hesab edirəm ki, bu addım qurtuluş savaşında bir şam, işıq olacaq. Bütün gücümüzlə bu təşkilatın arxasında olacağıq. Sonra Aslan Xalidliyə Güneyin milli bayrağı təqdim edildi. Prezidentliyə namizəd, Milli Vəhdət Partiyasının və Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin sədri Yunus Oğuz da mərkəzin yaradılmasını müsbət hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu addım bir qədər gecikib: İlk növbədə, bu addıma görə doktoru təbrik edirəm. Araşdırma Mərkəzi Oyanış Hərəkatından əvvəl yaradılmalı idi. Gecikmişik. Bu mərkəz 1980-ci illərin ortalarında yaradılsaydı, bu gün nəticələr ayrı cür olardı. Bütöv Azərbaycan yolundakı mübarizəmiz daha irəlidə olardı. Amerika və digər dövlətlər Azərbaycan xalqının iradəsi ilə daha çox hesablaşardı. Amma zərərin yarısından qayıtmaq da xeyirdi. Yunus bəyin fikrincə, Oyanış Araşdırma Mərkəzi Milli Hərəkatın qalib gəlməsində önəmli rol oynayacaq: İstənilən qələbənin yarısı, informasiyanın əldə olunmasındadır. Ümid edirəm ki, bu mərkəz təkcə Güney və Quzey Azərbaycanla bağlı iqtisadi, siyasi, mədəni araşdırmalarla qalmayacaq, dünyaya səpələnmiş azərbaycanlılardan ibarət bir şəbəkə yaratmağa çalışacaq. GAMH MK rəhbəri Cahandar Bayoğlu, Çindəki sabiq səfir Tamerlan Qarayev, tarixçi-alim Rafiq İsmayıl, QHT Forumunun sədri Azay Quliyev, politoloq Qabil Hüseynli, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu Oyanış AzSAM-ın fəaliyyətinə uğurlar dilədilər. Elman Cəfərli |
|