Güneylə rəmzlərimiz oxşardır
 

Azərbaycanın dövlət müstəqilliyinin atributları üçdür:
himn, gerb və bayraq. Müstəqilliyə can atan cənublu azərbaycanlılar bu üç rəmzdən ikisini - bayraq və gerbi artıq formalaşdırıblar.


Simvolların mənalarını ZAMANa şərh edən GAMOH-un lideri Mahmudəli Çöhrəqanlı bu rəmzlərin Quzey Azərbaycanın rəmzlərindən çox fərqlənmədiyini qeyd edib. Belə ki, GAMOH-un qəbul etdiyi bayrağın üzərində də üç rəng (yaşıl, qırmızı, göy), səkkiz guşəli ulduz və ay öz əksini tapıb. Çöhrəqanlı bayraqların formaca tamamilə oxşar olmasının qeyri-mümkün olduğunu bildirib. Ona görə də yeni bayraqda qırmızı rəngə daha çox yer  verilib. Bu həm də onunla bağlıdır ki, GAMOH çağdaşlığa, demokratik dəyərlərə daha çox əhəmiyyət verir.

GAMOH-un gerbi ümumilikdə qalxan rəmzidir. Bu isə müdafiə deməkdir. Qalxanı əhatə edən üç rəng bayrağın rənglərinə işarədir. Bayraqda çağdaşlığa üstünlük verilibsə, gerbdə türkçülük qabardılıb. Belə ki, gerbdə göy boya daha çox nəzərə çarpır. Gerbin üzərindəki səkkiz guşəli ulduz da türkçülüyün rəmzidir. Ulduzun ortasındakı kitab daha geniş mənaları ifadə edir: həqiqət, gerçəklik, demokratiya, hüquqilik, nur, xoşbəxtlik.


Kitabın ortadan ikiyə ayrılması Quzey və Güney Azərbaycana işarədir. Kitabdan yuxarıya doğru yüksələn iki əl demokratiyaya arxalanan Azərbaycan türklərinin haqq səsidir. Bu əllərin birliyi isə Bütöv Azərbaycan ideyasına işarədir.


Əllər boz rəngdədir. Boz rəng isə türkçülükdə Boz Qurdun rəmzidir. “GAMOH” abbreviaturasının kitabın altında yerləşdirilməsi də təsadüfi deyil. Çünki hərəkat iştirakçıları kitaba - həqiqətə, demokratiyaya, insan haqlarına arxalanırlar. Onların silahı da məhz bu kitabdır. SANAM isə GAMOH-un ingiliscə versiyasıdır. Natiq Pənahlı.