|
Ortaya qoyulan və hər birimizin dəfələrlə şahidi olduğumuz mənəvi gücü
perspektivdə nəzərdən keçirdikdə, onun inkişaf və genişlənmə potensialını
təhlil etdikdə bu gücün önümüzdəki illərdə daha da artaraq bütün İranın
etnosiyasi və geosiyasi şəklini dəyişmək qüdrətində olduğunu görməmək mümkün
deyil. Tarixən baş vermiş bütün inqilabi ərəfələrdə olduğu kimi bu gün də
Güneydəki soydaşlarımız ənənəvi “Nə etməli?” və “Nədən başlamalı?” sualları
ilə üzüzədirlər. Özü də bu suallar onların önünə hər mərhələdə çıxır. Səbəb
də hərəkatın sürətlə genişlənməsi və təkamül mərhələlərini geridə qoymasıdır.
Bu isə o deməkdir ki, çox
zaman növbəti mərhələyə keçə bilmək üçün zəruri olan şərtlər hələ
formalaşmayıb və onların formalaşmasını gözləmək lazım olur. Bax, o
dönəmlərdə keçici böhran yaranır və yuxarıdakı suallar “Bəs, indi nə etməli?”
formasında yenidən aktuallıq qazanır. Hərəkatımızın strategiyası və əsas
hədəfləri məlumdur. Bu baxımdan, heç bir problem yoxdur. Əsas problem zamana
və məkana görə taktiki gedişlərin seçilməsindədir. Müşahidələr
soydaşlarımızın bu baxımdan, daim müəyyən çətinliklərlə üzləşdiyini göstərir.
Fakt budur ki, artıq qəzet və jurnallar təşkil etmək, təbliğat və
maarifçilik işi aparmaq, dərnəklər və cəmiyyətlər qurmaq mərhələsi böyük
ölçüdə tamamlanıb. Bu fəaliyyətə yenilərinin əlavə olunmasına ehtiyac var.
Millət Bəzz qalasına yürüşdən yürüşə keçən bir il içərisində fəaliyyətsiz
dayanmaq və növbəti yürüşü gözləmək istəmir. Nə isə etmək və edilən işin
real nəticəsini görmək istəyir.
GAMOH lideri Mahmudəli
Çöhrəqanlı Güneydəki tərəfdarlarına kütləvi tədbirləri bundan sonra ildə bir
dəfə Bəzz qalasına yürüşlər şəklində deyil, iki ayda bir dəfə müxtəlif
millət böyüklərinin doğum və ölüm illərini qeyd etmək formasında da
keçirməyi tövsiyə edib. Bu barədə düşünərkən istər-istəməz ağla, ilk növbədə,
Səttərxan, Bağırxan, Şəhriyar və Şah İsmayıl Xətai ilə bağlı əlamətdar
günlər gəlir. Bu simaların siyahısına son illərdə həyatını dəyişmiş böyük ədib
və millətçi ziyalıların da adını əlavə etmək olar. Şübhəsiz ki, bunlar
həyata keçirilərsə, müəyyən bir canlanma və fəallaşma hiss olunacaq. Amma bu
canlanma və fəallaşma Azərbaycanın sınırlarını aşmayacaq və İranın digər
bölgələrini əhatə etməyəcək.
Başqa sözlə, belə bir
fəaliyyət insanlarda azərbaycançılıq əhval-ruhiyyəsini artırsa da, ümumiran
miqyasında ümumtürk hərəkatına az təsir edəcək. Odur ki, bu qəbildən olan
tədbirlərin Azərbaycan ərazisi ilə sınırlı qalmamasına çalışmaq vacib
şərtdir. Əgər biz qəbri Xorasanda olan Nadir şahın və başdaşı Məşhəddə
Hərəmin içərisindəki divarlardan birinə hörülü olan, məzarı da orada bulunan
Abbas Mirzə Qacarı da bu siyahıya əlavə etsək, artıq kütləvi tədbirlərimiz
Xorasanı da içinə almış olar. Eləcə də məzarı Tehranda olan hər hansı bir
türk şahı barədə də düşünməklə eyni işi Tehrana da daşımış olarıq.
Siyahıya türk şahlarının
salınması həm milli dövlətçilik şüurunun artmasına, həm də türklərin bütün
İranı əhatə etmiş əski qüdrətinin bərpasının zəruriliyi barədə düşüncələrin
genişlənməsinə imkan yaradar. Biz güneyli soydaşlarımızın bu təklifimiz
üzərində düşünməsini və müzakirə açmasını çox arzu edərdik. Bu təklifdən
başqa güneyli gənclərə bir neçə tövsiyəmiz də var. Çox istərdik ki, türk
qızları yalnız və yalnız türk oğlanlarla, türk oğlanlar da yalnız və yalnız
türk qızlarla ailə qursun. Çünki qarışıq ailələrdə istər-istəməz ər və arvad
fars dilində danışmalı olur. Uşaq da bu dildə danışmağa və düşünməyə alışır.
Son nəticədə də özünü türk kimi yox, iranlı kimi dərk edir. İstədiyimiz
başqa bir şey də var:
Güneydəki övladlarımız
türkçülük ruhunda tərbiyə edilsin, Vətən və millət sevgisi körpəlikdən
onların qəlbinə və şüuruna aşılansın. Digər bir tövsiyəmiz dövlət və hökumət
idarələrinin türkləşdirilməsi istiqamətində səylərlə bağlıdır. Güneyli türk
hər hansı bir idarə və ya müəssisəyə rəhbər təyin edilərsə və ya bu
qurumlarda söz sahibi olarsa, öz soydaşlarına da yol açmağı unutmamalıdır.
Türk iş adamları işə, ilk növbədə, türkləri işə almalı, çörəyini yadlara
yedirtməməlidir. Hər bir türk mütləq türklərə məxsus dükanlarda alış-veriş
etməli, parasından fars və ya kürdün deyil, məhz türkün fayda götürməsinə
çalışmalıdır. Mal alarkən də İsfahanda və ya Şirazda yox, Təbrizdə və ya Ərdəbildə
türk şirkətində istehsal edilmiş mal almalı, xeyri yada yox, özününkünə
verməlidir.
Evini-mülkünü satan türk onu
mütləq soydaşına satmalı, onun əski yerində farsın və ya kürdün yerləşməsinə
imkan verməməlidir. İmkan olduqca, yadlara məxsus daşınmaz əmlak alınmalı,
türkə satılmalıdır. Bir sözlə, türk türkü hər şeydə və hər yerdə
dəstəkləməlidir. Yalnız bu yolla türk öz itirilmiş mövqelərini bərpa edə,
cənub sınırı Kəngər (Fars, Bəsrə) körfəzinə və Hind okeanına qədər uzanan
Böyük Azərbaycan səltənətini bərpa edə bilər.
|