Mollaların növbəti illüziyası

Ekspress 2003-10-30

"İran hökuməti ölkədəki Azərbaycan türklərinə qarşı xüsusi təxribat planı hazırlayır. Rəsmi Tehran son günlər güneydəki milli hərəkat fəallarının guya "Azərbaycanda dövlət çevrilişinə cəhd" planının iştirakçısı olması barədə məlumatlar yayır və bu yolla mollalar milli mücadiləyə zərbə vurmaq niyyətindədirlər". Bu fikirlər Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı Bürosunun İrandakı fars rejiminin Azərbaycan türklərinə qarşı növbəti təxribatları ilə bağlı yaydığı etiraz bəyanatındandır.


Sənədə görə, rejim nümayəndələri oktyabrın 16-da guya bir qrup güneyli soydaşımızın döyüş bölgələri vasitəsilə Azərbaycan ərazisinə girərək, buradakı hakimiyyətin zor gücü ilə dəyişdirilməsində iştirak etmək istədikləri barədə yalan məlumatlar yayırlar. "Rəsmi Tehran bu kimi cəfəngiyyatlarla ən azı Azərbaycanın quzeyində sığınacaq tapmış Güney hərəkatçılarının susdurulmasını və yaxud da onların fars şovinistlərinə "satılmasını" planlaşdırır. Lakin İran rəhbərliyinin bu illüziyası və sadəcə, yalan uydurmalarla, şantajla milli hərəkat fəallarına qarşı təxribatlara başlamaq, onları öz mövqelərindən sapdırmaq niyyəti heç vaxt mümkün olmayacaq" -deyə bəyanatda bildirilir.


Sənəd müəlliflərinə görə, Güney Azərbaycan Milli Hərəkatı İrandakı türklərin milli mənafeyini və Quzey Azərbaycanın dövlətçiliyini hər şeydən üstün tutur. "Biz həmçinin Azərbaycanda hər hansısa iqtidar-müxalifət mübahisələrinə qarışmır və Quzeydə milli birliyin, milli barışığın bərqərar olunmasını arzulayırıq" -bəyanatda bildirilir.
Bu arada, İranın Sulduz şəhərində çıxan "Ərməğani-Azərbaycan" qəzetinin yazdığına görə, 15 oktyabr preziednt seçkisindən sonra Bakıda baş vermin iğtişaşlar Tehran polisinin güneydəki soydaşlarımıza qarşı təzyiqlərini gücləndirməsilə müşahidə olunub. "Azərbaycan türklərinin evlərinə basqılar yenidən kütləviləşib, onlar incidilir, müxtəlif sorğulara cəlb olunur və polis tərəfindən izlənirlər" -deyə qəzetin baş yazarı İrəc Süleymanzadənin "Başı bəlalı mücadilə" adlı məqaləsində bildirilir.


Reжim nümayəndələrinin seçkidən sonra Azərbaycanın Quzeyində baş vermiş iğtişaşlardan yararlanaraq, milli hərəkat fəallarına qarşı təxribat planları hazırlamalarına gəlincə, qəzetin yazdığına görə, artıq bu tip planların əlamətləri görünməkdədir: "Azərbaycan türklərinin kütləvi sorğulara cəlb edilməsi, onların evlərindəcə polisin təzyiqlərinə məruz qalması, döyülmələri rejim nümayəndələrinin milli hərəkata qarşı çirkin niyyətlərini həyata keçirməsi işini sürətləndirib. Onlar polis idarələrindən dindirilən güneyliləri müxtəlif terrorçu qruplarla əlaqədə, qaçaqmalçılıq və xüsusilə də narkotik al-verində günahlandıraraq, həbs edirlər. Bu isə, "21 Azər günü" münasibətilə soydaşlarımızın dekabr ayında həyata keçirəcəkləri kütləvi anım tədbirləri ərəfəsində milli hərəkatın fəallarını neytrallaşdırmaq üçün əsl zəmin yaradıb"- deyə məqalədə bildirilir.
 

Xezer Altay