Çöhrəqanlı İstanbulda görüşlər keçirir

 

GAMOH LİDERİNİN GƏLƏN HƏFTƏ ÜÇÜN TÜRKİYƏNİN PAYTAXTI ANKARADA BİR SIRA GÖRÜŞLƏRİ NƏZƏRDƏ TUTULUR

 

525ci qazet  2003-09-03

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Türkiyəyə səfəri davam edir. Onun dünəndən başlayaraq, İstanbulda müxtəlif dairələrdə görüşləri olub. Bu barədə məlumat verən GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkelli bildirdi ki, Çöhrəqanlının İstanbul görüşləri bu həftə ərzində davam edəcək. Onun sözlərinə görə, gələn həftə GAMOH lideri Türkiyənin paytaxtı Ankaraya yola düşəcək. Onun Ankarada ayrı-ayrı şəxslərlə və müxtəlif qurumların rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Çöhrəqanlının Türkiyənin rəsmi dövlət nümayəndələri ilə görüşməsinə gəldikdə, H.Türkelli bunu istisna etmədi: "Doktor Çöhrəqanlının keçirdiyi görüşlərlə bağlı əvvəlcədən ictimaiyyətə məlumat verilməsini məqsədəuyğun hesab etmirik. Lakin bu görüşlər baş tutduqdan sonra onlar barədə geniş açıqlama veriləcək. Bəzi qapalı görüşlərin olması da istisna deyil". Qeyd edək ki, M.Çöhrəqanlı avqust ayının sonlarından Bakı səfərinə yekun vuraraq qardaş ölkəyə yola düşüb. Türkiyədən sonra onun Avropaya və Amerikaya getməsi planlaşdırılıb.
   

S.İLHAMQIZI


bash sayfe Mail to us