Sülh mükafatı başına bəla oldu

Ekspress 2003-10-28

İranlı hüquq müdafiəçisi, ötən ay Norveç parlamentinin qərarına əsasən Nobel sülh mükafatına layiq görülmüş ilk qadın-hüquqşünas Şirin İbadiyə qarşı təzyiqlərə başlanılıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı Bürosunun rəhbəri Hüseyin Türkellinin "Ekspress"ə verdiyi məlumata görə, artıq bir neçə gündür ki, İranın xüsusi xidmət onqanlarının bir qrup mülki geyimli əməkdaşı İbadinin iş yerinə gələrək, onu müxtəlif hədə-qorxular altında İranda etniklərin milli haqlarından çıxış etməməyə və siyasi məhbusların hüquqlarının müdafiəsinə yönəlik fəaliyyətinə son qoymağa çağırırlar. Nobel mükafatı laureatının evinə edilən anonim zənglərdəsə o, ölümlə hədələnir və İrandakı etniklərə qarşı münasibətdə tutuduğu yodan çəkinməyə çağırılır.


Qeyd edək ki, Şirin İbadi Nobel sülh mükafatını "İranda insan haqlarının qorunmasına dair" fəaliyyətinə görə alıb. Əslən güneyli olan bu qadın uzun müddətdir ki, İranda siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərdə də aktiv iştirak edir. Onun bu ilin iyulunda Bəzz qalasına yürüş zamanı həbs edilmiş və polisin kütləvi təzyiqlərinə məruz qalmış Azərbaycan türklərinin müdafiəsi uğrundakı fəaliyyəti reжim nümayəndələrinin narahatçılığana səbəb olmuşdu. İbadiyə qarşı təzyiqlərin başlaması isə daha çox rəsmi Tehranın mövqeyi kimi təqdim olunur.
Mənbənin bildirdiyinə görə, İmaninin İrana gəldiyi gün prezident Məhəmməd Xatəmi xüsusi bəyanat yayaraq, ona qarşı xəbərdarlıqla çıxış edib və İbadini gələcək fəaliyyətində İran dövlətinin, İslamın mənafeyini hər şeydən üstün tutmağa çağırıb. "İslahatçıların lideri" habelə bildirib ki, İbadinin yeni qazandığı Sülh mükafatından bir sıra qüvvələr sui-istifadə etmək istəyirlər.
İran prezidentinin bu bəyanatından sonra Tehran xüsusi xidmət qüvvələrinin Şirin İbadiyə qarşı təzyiqlərə başlaması bir sıra müşahidəçilər tərəfindən rəsmi Tehranın güneyli sülh mükafatçısının fəaliyyətini neytrallaşdırmaq cəhdi kimi dəyərləndirilir.


"İbadinin təzyiqlərlə üzləşməsinin əsas səbəblərindən biri də onun məhz insan haqlarının müdafiəsi məsələsində İran rəhbərliyinin əleyhinə mübarizə apardığına görə Nobel mükafatına layiq görülməsidir. Bu fakt rejim nümayəndələri tərəfindən heç cürə həzm olunmur və onlar İbadinin tez müddətdə ifşa edilməsi üçün bütün mümkün cəhdlərə baş vurmaq niyyətindədirlər", -deyə güneyli politoloq, Ərdəbil vətəndaşı Mahmud Sərrafi "Ekspress"ə bildirib. Onun sözlərinə görə, İrana qayıtdıqdan sonra Şirin İbadinin mətbuata müsahibəsində ölkədəki azlıqların hüquqlarının tapdanması, ölüm hökmü, siyasi məhbusların vəziyyəti və digər bu kimi problemlərdən narahatçılığını ifadə etməsi reжim nümayəndələrinin hiddətinə səbəb olub.


"İbadinin Nobel sülh mükafatı almasından sonra İran rəhbərliyi bu ölkədə insan haqlarının müdafiəsilə məşğul olan insanların və eləcə də təşkilatların beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasından narahatlığını dərhal nümayiş etdirdi. Buna görə də son bir ay ərzində İranda əslən fars olmayan hüquq müdafiçilərinə qarşı birmənalı mənfi fikir formalaşıb və onlar təqib olunurlar", -M.Sərrafi qeyd edib.


Politoloqun fikrincə, rəsmi Tehranı narahat edən digər bir məqamsa Şirin İbadinin Nobel Sülh mükafatının laureatı kimi fəaliyyətini İranın Ali Dövlət Məhkəməsində davam etdirmək niyyətidir. Bu barədə o, ötən həftə jurnalistlərə müsahibəsində bəyan edib: "İbadinin öz gələcək fəaliyyətini Ali məhkəmədə davam etdirmək niyyəti İran rəhbərliyi tərəfindən mənfi qarşılanıb. Buna görə də rejim nümayəndələri sülh mükafatçısını ortadan götürmək fikirnə düşüblər".


Məsələ ilə bağlı GAMOH-un Bakı Bürosu etiraz bəyanatı yayaraq, İran hökumətini Şirin İbadiyə qarşı təzyiqlərə və təqiblərə son qoymağa çağırıb. "GAMOH Tehran rejiminin sülh müdafiəçisinə qarşı hədə qorxularını qəti şəkildə pisləyir. Biz hesab edirik ki, Şirin İbadiyə qarşı təzyiqlər 35 milyonluq Azərbaycan türkünə və onların milli və insani haqlarına təhqirdir" -deyə Hüseyin Türkelli bildirib.
 

Xezer Altay


bas sayfe Biz ile bağlantı