Farslar və türklər
 
Türk burjuaziyası ilə millətçilərin birləşməsi tarixi zərurətdir
 

Olaylar 2003-10-10
Artıq 3000 ildir ki, bu gün İran adlanan ərazidə iki böyük etnos - Azərbaycan türkləri və farslar arasında hakim mövqeyə sahib olmaq üçün mübarizə davam edir.

 

Əhəmənilər (e.ə VI - e.ə III əsrlər), Sasanilər (III-VII əsrlər) və Pəhləvilər (1925-1978) dövrü istisna edilməklə, ərazi əksər hallarda türklər tərəfindən idarə edilib. Qəznəvilər (X-XI əsrlər) dövründən Qacarlar (XVIII əsr-1925-ci il) dövrünədək sürmüş 1000 illik fasiləsiz türk hakimiyyətindən sonra rus və ingilislərin yardımı ilə hakimiyyətə gələn fars Pəhləvilər dövrü uca millətimiz üçün son dərəcə ağır və keşməkeşli olub. Özünü Əhəməni və Sasanilərin varisi sayan və sülalənin öncədən ölkədən türk adını, mədəniyyətini və dinini qazıyıb atmaq üçün əlindən gələn hər şeyi etdiyi bilinməkdədir.

Pəhləvilərin hakimiyyətə gələr-gəlməz türk burjuaziyasının mövqelərini zəiflətmək, alternativ fars burjuaziyası formalaşdırmaq və ölkə iqtisadiyyatının idarəçiliyini onlara vermək cəhdləri nəticəsində türk burjuaziyasının ölkənin ruhani sinfi ilə birləşərək islam inqilabına rəvac verdiyi və Pəhləvilərin devrilməsi üçün əlindən gələni etdiyi də bilinən həqiqətlərdəndir. İslam inqilabı nəticəsində türk burjuaziyası öz əski mövqelərini bərpa edə bilsə də, türklər orduda, iqtisadiyyatda və qismən də dövlət strukturlarında yenidən söz sahibinə çevrilə bilsələr də, fars dili və kültürü İranda hakim mövqelərini qoruyub saxlaya bilib. Səbəb də o olub ki, o dövrdə SSRİ mövcud idi, Quzey Azərbaycan onun tərkib hissəsi idi və bu qorxunc imperiya Hind okeanına, ilk növbədə də, Kəngər (Bəsrə, Fars) körfəzinin neftlə zəngin sahillərinə çıxmağı hədəfləyirdi. Təbii ki, buna nail olmaq üçün ölkəyə marksist ideologiya ixrac edilir, Güney Azərbaycan kartından da istifadə edilirdi.

Belə bir şəraitdə burjuaziyanın və mollaların nədən Pəhləvilərdən miras qalmış İrançılığa və fars şovinizminə sahib çıxdıqlarını başa düşmək çətin deyildi. Çünki kommunist rusların həm burjuaziyanın, həm də dinin düşməni olduğu məlum idi. Bir sözlə, həmin dövrdə türk burjuaziyası din və məzhəb faktorundan təkcə ABŞ-a qarşı deyil, eyni uğurla SSRİ-yə qarşı yararlanırdı. İrançılıq da farsları sakit etmək üçün son dərəcə vacib idi. Bu gün isə artıq vəziyyət dəyişib. SSRİ adlı dövlət tarix səhnəsini tərk edib. İndi Rusiya daha İranla birbaşa sərhədə malik deyil. Hazırda onu Azərbaycan və Türkmənistan dövlətləri əvəz edir. Bu dövlətlərin, xüsusən də Azərbaycanın əhalisini İrana dost hesab etmək doğru olmaz. Ən əsas səbəb də bu ölkədə türk dili və kültürünə göstərilən düşmən münasibətdir.

Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan və Türkmənistan istiqlal əldə etdikdən sonra İranın 35 milyonluq türk əhalisi öz dil və kültürlərinə, eləcə də siyasi haqqlarına edilən təcavüzə qarşı etiraz səslərini ucaltmaq və mübarizəyə başlamaq üçün ciddi stimul əldə etmişdir. Nəticə isə göz qabağındadır. Cənub qonşumuzun ərazisində GAMOH kimi güclü bir təşkilat yaranıb və sabah türk burjuaziyasının mövqe dəyişməsi ilə bu təşkilat çox nəhəng inqilabi bir gücə çevriləcək. Burjuaziya ilə müxalifətin, xüsusən də türk burjuaziyası ilə türk millətçilərinin birləşməsi tarixi zərurətdir. Eyni zamanda burjuaziyanın həm mollalardan, həm də irançılıq və fars şovinizmi siyasətindən üz döndərməsi qaçılmazdır. Səbəblər isə aşağıdakılardır:

1.  İran burjuaziyası çox böyüyüb və artıq 70 milyonluq daxili İran bazarı ona dar gəlir. O, MDB məkanına, xüsusən də türk cümhuriyyətlərinin bazarına can atır. Fəqət, bu bazarlarda məlum səbəblərdən Türkiyə kapitalına və mallarına bəslənən loyal münasibət İran kapitalı və mallarına bəslənmir.

2.  Dünya bazarında əlverişli mövqe qazanmaq üçün beynəlxalq inhisarçı kapitalla, daha dəqiq desək, ABŞ və yəhudi kapitalı ilə işbirliyinə girmək vacibdir. Mollaların siyasəti isə buna imkan vermir.

Gördüyümüz kimi, vəziyyət heç də bəzilərinin düşündüyü kimi çox da sadə deyil. Belə bir şəraitdə isə GAMOH-a gələcək müttəfiq gözü ilə baxanların sayı durmadan artmalıdır və şübhəsiz ki, artır. Başqa cür də ola bilməz. Çünki GAMOH yüksək passionar enerjiyə sahib olan türklərin təşkilatıdır və bu təşkilat gec-tez bütün İran ərazisində əsas siyasi söz sahibinə çevriləcək. Səbəb də odur ki, passionar enerjisi tamamilə tükənmiş və mənən qocalmış fars milləti bu gücə qarşı güc qoymaq iqtidarında deyil.

Farslarla türklər arasındakı bugünkü fərqi elmi cəhətdən tam başa düşmək üçün Lev Qumilyovun “Etnosfera” (M.2002) kitabının 190-191-ci səhifələrində verilmiş müqayisəli cədvəli gözdən keçirmək tamamilə kifayətdir. Bu haqda növbəti məqaləmizdə ətraflı söhbət açacağıq.

Bəxtiyar Tuncay


home Biz ile bağlantı