| Kürd-erməni terror təşkilatları aktivləşib | |
| Artıq türk dünyası və türk dövlətlərinə qarşı yeni bir hərəkat yaranıb. İraqdakı Azərbaycan və Türkiyə əsgərlərinə terror edilə bilər | |
![]() |
Olaylar 04/09/2003 14:01 Bu hərəkata erməni-kürd birliyi rəhbərlik edir. Ermənistanda, Asiya, Afrika və Avropa regionlarında fəaliyyət göstərən kürd icmalarının birgə toplantısı zamanı qərara alınıb ki, erməni-kürd terror təşkilatları vahid cəbhədə Azərbaycanla Türkiyəyə, eləcə də türk dünyasına qarşı mübarizəyə qoşulsun. |
| Politoloq Rövşən Novruzoğlu bunu bir neçə amillə əlaqələndirib: “Artıq Qərb, eləcə də dünyanın aparıcı dövlətləri Türkiyənin inkişafı, türk dünyasının böyüməsi ilə razılaşa bilmir. Erməni-kürd terror təşkilatlarının fəaliyyəti daha çox nəzarətsiz zonalarda geniş yayılıb. Həmin zonalardan biri də Azərbaycanın erməni təcavüzünə məruz qalmış Qarabağ bölgəsidir. ABŞ-ın Nyu-Cersi ştatından olan Qaraim Ovmanyan Xankəndində özünün “Armen Kredit Bank” adlı məşhur mərkəzini yaradıb ki, həmin mərkəz də birbaşa erməni-kürd terror təşkilatlarına vəsait ayırır. Qarabağda fəaliyyət göstərən erməni-kürd birləşmələrinə yardım göstərən ikinci təşkilat “Qafqaz” İnvestisiya Bankıdır. Bankın rəhbəri milliyyətcə ərəb olan Adnan Xaşokkedir. “Qafqaz” İnvestisiya Bankının filialı bu il Şuşa şəhərində yaradılıb. Digər banklar da var ki, onlar da erməni-kürd birləşmələrinə yardımlar edir. Livandan olan biznesmen Əbu Müslümün rəhbərlik etdiyi “Həmas” və “Beytül-müqəddəs” bankları da terrorçulara yardım ayırır. Adı çəkilən bankların filialları Azərbaycanın işğal olunmuş Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərir. Fransanın tanınmış biznesmeni Qurgen Vardanyan isə Xankəndində “Nasionalist” adlı kazino yaradıb. Təkcə 2003-cü ilin fevral-mart aylarında həmin kazino İraq kürdlərinə məxsus 1 milyard 738 milyon dollar vəsaitin yuyulmasında yaxından iştirak edib. Kazino yeni erməni-kürd birləşməsi olan “Hayvun” təşkilatına da maliyyə vəsaiti ayırıb”. Rövşən Novruzoğlunun sözlərinə görə, “Hayvun” təşkilatında PKK və “ASALA”dan uzaq düşmüş terrorçular cəmləşib: “Təşkilat 2003-cü il mayın 13-də Dağlıq Qarabağda yaradılıb. “Nasionalist” kazinosunun rəhbəri Qurgen Vardanyan qeyd edib ki, “Hayvun” təşkilatı ermənilərin şərəf və ləyaqətini əks etdirir. Təşkilatın Milan və Dəməşqdə də bazaları mövcuddur. “Hayvun” Suriyanın “Əsbat Əl Ənsar”, Səudiyyə Ərəbistanının “Müsəlman qardaşları”, “Cihad” təşkilatları, eləcə də İraqda fəaliyyət göstərən “Məhəmmədin ordusu” terror qrupu ilə əlaqədədir. Ermənistanın mətbuat klubunun rəhbəri Boris Novosardayan isə qeyd edib ki, “Hayvun” erməni və kürdlərin beynəlxalq aləmdə tanınmış diaspora təşkilatları ilə sıx əlaqələr yaratmalıdır. Kiprdə ermənicə nəşr olunan “Paros” qəzetinin redaktoru Eran Güyümçiyan isə deyib ki, “Hayvun” öz fəaliyyətinə görə dünyanın başqa təşkilatlarından fərqlənməlidir. Təşkilatın həmsədri İraqdakı erməni icmasının rəhbəri Avak Əsədüryan isə “Hayvun” fəaliyyətə başlamazdan bir həftə öncə ABŞ, Böyük Britaniya, Suriya, Livan və İraqa səfər edib xristian kilsələrində təşkilata xeyir-dua verib”. Rövşən Novruzoğlu “Hayvun”un “Əl Qaida” ilə sıx əlaqədə olduğunu da bildirib: “Onların Azərbaycan və Türkiyənin İraqdakı əsgərlərinə qarşı xüsusi planları hazırlanıb. Plana əsasən, İraqda antiterror koalisiyasında iştirak edən Azərbaycan və Türkiyə əsgərlərinə müəyyən zərbələr vurulmalıdır. Planın həyata keçməsində başlıca rolu Yeni Kürd Konqresi və Ermənistan Azadlıq Ordusu oynayacaq. Onların Kəlbəcər, Şuşa və Laçında təlim düşərgələri mövcuddur. “Hayvun”- “Əsbat-əl-Ənsar”- “Əl-Qaida” üçlüyünün yeni sərhəd proqramının reallaşması üçün yeni müzakirələr apardığı bildirilir. Livan radiosunun iyulun 21-də efirə gedən proqramında isə qeyd olunur ki, “Hayvun”un Kərkicahan istiqamətində “Strategiya - 013” adlı mərkəzi yaradılıb. Həmin mərkəzə Suriya və İrandan kürdlər də gəliblər”. |
|
|
|
|