Çöhrəqanlı Avropa və ABŞ-a getməyə hazırlaşır

GAMOH LİDERİ GÜNEY AZƏRBAYCAN UĞRUNDA MÜBARİZƏ APARAN BƏZİ TƏŞKİLATLARIN
LİDERLƏRİNİN SƏMİMİLİYİNƏ ŞÜBHƏ ETDİYİNİ BİLDİRİB

 525ci qazet 2003--08-20
   Dünən "Azadlıq" qəzeti redaksiyasının iclas zalında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlının Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Çöhrəqanlının çıxışından əvvəl İranda yaşayan azərbaycanlıların Güney Azərbaycanın azadlıq rəmzi olan Bəzz qalasına hər il keçirilən ənənəvi yürüş haqqındakı filmindən fraqmentlər göstərilib.
   

Çöhrəqanlı bildirib ki, Qərb ictimaiyyətini Güney Azərbaycanın milli hərəkatı barəsində məlumatlandırmaq üçün həftənin sonunda Bakıdan Türkiyəyə, oradan isə Avropa və ABŞ-a gedir. Onun fikrincə, belə bir işin görülməsi ona görə vacibdir ki, İran yenidən qurularkən oradakı azərbaycanlılara İraq türklərinin taleyi qismət olmasın.
   

Çöhrəqanlıya görə, 35 milyonluq Güney azərbaycanlıları özlərini haqları uğrunda mübarizə aparan milli hərəkat kimi göstərməlidir. Bunun üçün isə İran azərbaycanlıları monolit hərəkatda birləşməlidir.
   

Bununla belə, Çöhrəqanlı bir sıra liderlərin səmimiyyətinə şübhə etdiyini bildirib. Bu hərəkat rəhmətlik Əbülfəz Elçibəy tərəfindən yaradılıb. Lakin sonradan hərəkata əslində Güney Azərbaycanın azad edilməsi ideyasına zərər vuran bir çox başqa şəxslər qoşulub. Çöhrəqanlı hesab edir ki, Güney Azərbaycan azərbaycanlılarının haqları uğrunda hərəkat millətçilik ideologiyasına əsaslanmalıdır. Onun fikrincə, Güney Azərbaycandakı bütün əvvəlki inqilab və milli hərəkatlar (1905-1911, 1918-1920 və 1945-1946-cı illər) ona görə məğlub olub ki, millətçilik bayrağı altında aparılmayıb.