BAB-in fəalİyyəti sual altina düşə bilər

Cahandar Bayoğlu bu təşkilatın bəzi funksionerlərini təşkilat üçün zərərli adamlar sayır

Azadliq 2003-07-26

Son günlər Bütöv Azərbaycan Birliyinin bəzi funksionerləri mətbuat səhifələrində GAMOH lideri Mahmudəli Çöhraqanlının ünvanına ittihamedici fikirlər söylədilər. BAB-ın Güney Azərbaycanın istiqlalı uğrunda mübarizəsinə dəstək məqsədilə yaradıldığını, Çöhrəqanlının isə bu ideyanı gerçəkləşdirəcək bir lider olduğunu nəzərə alsaq, qurumun GAMOH liderinə qarşı sərt mövqeyini başa düşmək olmur. Digər tərəfdən M.Çöhrəqanlıya münasibət fonunda BAB-ın daxilində də fikir ayrılığının olması mövcuddur. Məsələyə münasibət öyrənmək üçün BAB Rəyasət heyətinin üzvü Cahandar Bayoğluna müraciət etdik.


    - Cahandar bəy, BAB Azərbaycanın cənubunda gedən hərəkata hansı dərəcədə müdaxilə edə bilər və hansı dərəcədə müdaxilə edir?
   
- Əslində, bu gün BAB-la Çöhrəqanlı arasında ciddi bir problem yoxdur. Sadəcə, bu təşkilatın bəzi funksionerlərinin BAB-la problemi var. Bunu mən onunla əlaqələndirirəm ki, bu təşkilatın rəyasət heyətinin və digər ali orqanlarının Güneylə bağlı qərarlarında Çöhrəqanlı dəstəklənib. Amma bu gün ayrı-ayrı funksionerlərin Çöhrəqanlıya qarşı münasibətlərini BAB adından bildirməklə, əslində, bu şəxslər BAB-la olan problemlərini ortaya qoyurlar. BAB-ın Cənubda gedən hərəkata müdaxiləsinə gəlincə, bu qurum ideoloji təbliğat vasitələri ilə, həm Azərbaycanın Güneyində, həm də Quzeyində millətimiz üçün yararlı olan ideyanın kütləviləşməsini təmin edir.


    - BAB-ın bəzi funksionerlərinin bu təşkilatın adından Çöhrəqanlının əleyhinə danışdığını deyirsiniz. Kimlərdir bu funksionerlər?
   
- Onların adlarının çəkilməsini, hələlik, məqsədəuyğun saymıram. Artıq mətbuatda da bu adamların açıqlamaları gedib.


    - Cahandar bəy, M.Çöhrəqanlı İranda Azərbaycan milli azadlıq hərəkatının lideri kimi qəbul olunub. Biz, həm Güney Azərbaycanda onun lider kimi qəbul olunmasının şahidiyik, həm də beynəlxalq miqyasda bu adam İran müxalifətinin lideri kimi tanınır və qəbul edilir. Yəni, faktiki olaraq Çöhrəqanlı İranda gedən proseslərin avanqard simalarından biridir. BAB isə Cənubi Azərbaycanın problemlərini öyrənmək, həmin hərəkata dəstək vermək üçün yaradılmış təşkilatdır. İndi burada hansı qlobal problemlər ola bilər ki, bu təşkilat Güney Azərbaycan hərəkatının liderinə qarşı çıxmaq fikrinə düşür?
   
- Bilirsiniz ki, güney hərəkatı ilə, şəxsən doktor Çöhrəqanlı ilə BAB yarandığı gündən Elçibəyin baxışları istiqamətində çox güclü, isti münasibət qurmuşuq. Doktor Çöhrəqanlının apardığı siyasi mübarizə Elçibəyin apardığı mübarizənin davamı kimi dəyərləndirilməlidir. Çöhrəqanlıya bu gün BAB adından danışan soydaşlarımız Əbülfəz bəyin gözü ilə baxmalıdır.


    - Maraqlı bir məsələ çıxır ortaya. Faktiki olaraq bu gün BAB-da bir qrup adam Elçibəyin sağlığında onun etimad göstərdiyi bir sıra adamlara etimadsızlıq göstərməklə məşğuldur. Və eyni zamanda da, özlərini Elçibəy yolunun yolçuları adlandırırlar. Mən doktor M.Çöhrəqanlını bu sıraya qatıram. Bu adam Elçibəyin etimadını qazanmış bir şəxsdir. Mən, AXCP sədri Əli Kərimlini bu sıraya qatıram. Bu adam Elçibəyin birinci müavini və etimad göstərdiyi şəxs idi. Bu siyahını bir az da genişləndirmək olar. Sizcə bu nə tendensiyadır?
   
- Mən, Azərbaycanın quzeyində iç siyasi problemlərə münasibət bildirmək fikrində deyiləm. Burada gedən siyasi proseslər illər keçdikcə özünü doğruldur və duruldur. Zaman keçdikcə bu proseslər öz həqiqi çalarını tapır. Çox təəssüflər olsun ki, bu məsələlərdə hər zaman Əbülfəz bəyin adından istifadə edilir. Quzeydə olan tendensiya, görünür, güneydə də eynidir. İnanıram ki, bu cür düşüncəli insanlar zaman-zaman Azərbaycanın güneyinə yönəlik münasibətlərində də yanlış olduqlarının şahidi olacaqlar. Hətta onlar bunu dərk etmək istəməsələr belə, zaman onları Azərbaycanın Quzeyindəki siyasi səhnədən çıxartdığı kimi, Güneyə olan münasibətdə də milli hərəkatda olan mövqelərindən tamamilə kənarlaşdırıb çıxaracaq.


    - Cavad İsmayıllı BAB-ın üzvüdürmü?
   
- Bu adam haqqında, mən, ümumiyyətlə danışmaq istəməzdim. Amma o, BAB-ın rəhbərliyində təmsil olunur və bu təşkilatın adından danışır. Hesab edirəm ki, onun kimi qərəzli adamların BAB rəhbərliyində təmsil olunaraq bu qurumun adından çıxış etməsi getdikcə BAB-ın üzərinə götürdüyü missiyanın cəmiyyətdə gözdən düşməsinə gətirib çıxara bilər.


    - C.İsmayıllı BAB-ın rəhbərliyində olan adamdır. Və doktor Çöhrəqanlını fars şovinizmi ilə eyni ssenarini oynamaqda ittiham edir.
   
- Bu, artıq BAB-ın ciddi surətdə bir təşkilat olaraq problemidir. Hesab edirəm ki, BAB bu cür açıqlamaya təşkilat olaraq münasibət bildirməsə, bu artıq təşkilatın özünün fəaliyyət göstərməsini sual altında qoya bilər. Hesab edirəm ki, BAB funksionerlərinin açıqlamalarından sonra qurum öz Rəyasət Heyətini çağıraraq, Çöhrəqanlını qəbul edib-etmədiyi haqda qərarını verməlidir. Bundan sonra mənim də BAB-da qalıb-qalmamaq məsələm gündəmə gələ bilər. Yox əgər təşkilat həmin adamların fikirlərini bölmürsə, onlar haqqında ciddi ölçü götürülməlidir.
   

Ruslan Bəşirli


baş sayfe Biz ile bağlantı