Güney Azərbaycan ziyalıları İranın federativləşməsini təklif edir
İRANDAKI MİLLƏTLƏRƏ ÜNVANLANAN "AZƏRBAYCAN
DANIŞIR" ADLI MÜRACİƏTDƏ
ÖLKƏNİN TAM FEDERALLAŞMASININ ZƏRURİLİYİ QEYD OLUNUB
Güney Azərbaycandan olan 300-ə qədər ziyalı İrandakı bütün millətlərə və siyasi qüvvələrə ünvanladıqları "Azərbaycan danışır" adlı müraciətdə xalqların milli, siyasi, mədəni və insani haqlarını gerçəkləşdirə bilmələri üçün ölkədə tam federal sistemin bərqərar olması təklifini irəli sürüblər. Güneyli ziyalılar demokratik, federal və dünyəvi dövlətin qurulması, referendum keçirilməsi, xalqların bərabərlik, əmin-amanlıq içərisində yaşaması üçün millətin yürüş, mitinq, tətil və başqa kütləvi tədbirlər təşkil etməsinin, mübarizə aparmasının onların təbii haqqı olduğunu bildirib.
Qeyd edək ki, İranın federallaşması əleyhinə olan bəzi güneyli və quzeyli azərbaycanlılar Güney Azərbaycanın tam istiqlaliyyəti və Azərbaycanın bütövləşməsi ideyasını üstün tutaraq hər hansı mədəni muxtariyyət və federasiya sistemini məqbul saymırlar. Politoloq Qabil Hüseynli hesab edir ki, hazırkı geosiyasi durumu nəzərə alaraq İranın federallaşması optimal variantdır:
"Güney Azərbaycan üçün ideal variant tam istiqlaliyyət ola bilər. Lakin dünyada formalaşan indiki geosiyasi vəziyyət göstərir ki, hal-hazırda ən ağlabatan yol İranın federativ sistemə keçməsidir. Bu yolla güneyli türklər bir çox konstitusion hüquqlarına sahib ola bilərlər. Məsələn, ana dili ilə bağlı hüquqlarını tələb edər, öz dillərində məktəb açmaq, televiziya, radio yaratmaq və sair imkanlardan yararlana bilərlər. Bundan başqa federasiya güneylilərlə quzeylilərin siyasi, mədəni, mənəvi baxımdan birləşməsi baxımından da əhəmiyyətli olar".
Q.Hüseynli istiqlalçıların federasiyanın əleyhinə çıxaraq yalnız Güney Azərbaycanın tam müstəqilliyini tələb etmələrini də normal qarşıladığını dilə gətirdi. Onun sözlərinə görə, bu, istiqlalçıların ideologiyasından irəli gəlir:
"İstiqlalçılar güneyin müstəqilliyi və Azərbaycanın bütövləşməsi yolunu tutduğuna görə hər zaman yalnız bu ideyanı dəstəkləmələri təbiidir. İranda ictimai-siyasi vəziyyətin hansı yöndə dəyişməsindən asılı olmayaraq, hətta bu ölkənin federallaşacağı təqdirdə də Güney Azərbaycanın istiqlaliyyəti gündəmdən çıxmamalıdır. Lakin hazırkı situasiyada Güney Azərbaycan türkləri federasiyadan uzağa gedən uğur əldə edə bilməzlər".
Politoloq İranda yaşayan digər xalqların da eyni hüququ əldə etməsini
məqbul sayaraq bütün milli azlıqların öz haqlarına sahib olması üçün mümkün
variant ətrafında birləşmələrinin vacib olduğunu dedi. Güneyli politoloq Aslan Xalidi İran hakimiyyətinin güneyli hərəkatçıların
istər federasiya, istər istiqlaliyyət uğrunda mübarizəsinin qarşısını almaq
üçün müxtəlif üsullara əl atmaqda davam etdiyini dedi. Onun sözlərinə görə,
fars rejimi əsasən Güney türklərini beynəlxalq aləmdə separatçı kimi təqdim
etməyə və Mahmudəli Çöhrəqanlının mübarizə yolunu Elçibəy ideologiyası ilə
qarşı-qarşıya qoymağa çalışır:
"İranın şovinist hakimiyyətinin cəhdlərinə baxmayaraq, doktor Çöhrəqanlı Elçibəyi bir ideoloq, azadlıq mücahidi kimi qəbul edib, onun Azərbaycanın bütövlüyü ideologiyasını daim dəstəklədiyini bildirib. İran hakimiyyəti həm də Güney Azərbaycan türklərinin oyanışından və dünyanın gündəminə gəlməsindən qorxur. Ona görə də onların simasında separatçı obrazı yaratmağa çalışır".
A.Xalidinin fikrincə, Güneydə siyasi proseslər, milli mübarizə İranın federallaşmasına doğru gedirsə, bunu normal qarşılamaq lazımdır. O, hesab edir ki, İranda federasiya qurularsa, orada yaşayan xalqlara, o cümlədən Azərbaycan türklərinə öz haqları verilərsə, coğrafi əraziləri, sərhədləri bəlli olarsa, bu, müstəqlliyə doğru bir addımdır:
"Bu şərtlər altında qurulan federativ sistemdə güneylilər istənilən vaxt öz müqəddəratını təyin etmək hüququna malik olurlar. Tələbləri də diplomatik yollarla irəli sürmək və əldə etmək lazımdır. Lakin bu məqsədlər uğrunda ən ilkin şərt milli oyanışdır. Hürriyyətçilik təməli üzərində milli oyanış yaranmasa, istiqlaliyyət əldə etmək olmaz. Milli oyanış hürriyyətə, istiqlala, istiqlal isə bütövləşməyə gətirib çıxarar".
A.Xalidi İran hakimiyyətinin Azərbaycan türklərinin hər hansı muxtariyyət və ya federativ qurum əldə etməsinin qəti şəkildə əleyhinə olduğunu bildirdi. Onun fikrincə, İranın siyasi dairələrinin bu yaxınlarda keçirdiyi toplantıda Güney Azərbaycana milli-mədəni muxtariyyət verilməsi məsələsi müzakirə olunub və bu təklifi irəli sürən şəxs kəskin reaksiya ilə üzləşib:
"İranın rəsmi şəxsləri Güney Azərbaycana nəinki
federasiya, hətta muxtariyyət də verilməsinin əleyhinədirlər. Həmin toplantıda
İran rəsmiləri bildiriblər ki, türklərə muxtariyyət vermək onlara istiqlal
vermək kimidir, bu, hətta fars hakimiyyətinin sonu deməkdir".
Sevda İLHAMQIZI