|
AB GÜNEYDƏKİ SOYDAŞLARIMIZIN
HÜQUQLARININ POZULDUĞUNU BİLDİRİB
Olaylar 2003-11-06
Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosundan “OLAYLAR”a verilən
məlumata görə, GAMOH-un təşəbbüsü ilə yaranmış İran Əsirliyindəki
Millətlərin Birlik Komitəsi Avropa Parlamentinə müraciət edərək İrandakı
millətlərin, özəlliklə azərbaycanlıların problemlərinin bir daha gündəmə
gətirilməsini xahiş edib. Müraciətə münasibət bildirən Avropa Parlamentinin
ümumi əlaqələr bölməsinin başçısı Louis A.Couqnon rəsmi açıqlama verib.
Açıqlamada bildirilir:
“Avropa Birliyi və Avropa Parlamenti İrandakı millətlərin, özəlliklə
azərbaycanlıların hüquqlarının pozulmasından xəbərdardır, Avropa Parlamenti
İranda insan hüquqları və azadlıqlarının təmin edilməsini zəruri sayır.
Avropa Parlamenti millətlərin və insan hüquqlarının qorunması və digər
azadlıqların təmin olunması üçün “Recital Q” qətnaməsi çərçivəsində İrana
təsir etməkdə davam edir. Biz sizi əmin edirik ki, tam müsbət nəticələr əldə
olunanadək Avropa Parlamenti bu yöndəki səylərini davam etdirəcək”.
Qeyd edək ki, İran Əsirliyindəki Millətlərin Birlik Komitəsində bütün
qeyri-fars millətlər təmsil olunur. Birlik Komitəsində Güney Azərbaycan
Milli Oyanış Hərəkatı, Ərəb Demokratik Xalq Hərəkatı, Türkmən Milli Hərəkatı,
Bəlucistan Hərəkatı, İran Tələbə Hərəkatı, Kürdüstan Demokrat Partiyası və
... təmsil olunur.
Xatırladaq ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli
Çöhrəqanlının Avropa ölkələrinin rəsmiləri, Avropa Parlamentindəki
parlamentarlarla görüşlərindən sonra İranda qeyri-fars millətlərin, xüsusilə
azərbaycanlıların milli hüquqlarının təmin olunması barədə Avropa Birliyi
məşhur qətnaməsi ilə çıxış etmişdi.
Birliyin “Recital Q” qətnaməsində deyilir: “...İran çoxmillətli ölkədir.
Millətlərin, xüsusilə əhalinin yarısını təşkil edən azərbaycanlıların
hüquqları kobud şəkildə pozulur... İranda insan haqlarının vəziyyətinin
dəqiq araşdırılması, o cümlədən millətlərin və insanların hüquqlarının
pozulması, işgəncələr, gizli həbslər, qətllər və sair məsələlər barədə
tərəfsiz təftişlərin aparılması İslami İnsan Haqları Komissiyasına
tapşırılır. Bu barədə əldə olunan nəticələrin geniş dərc edilərək
ictimaiyyətə çatdırılmasını İran dövləti təmin etməlidir.
...Avropa Birliyi İrandan millətlərin hüquq və azadlıqlarının qorunması,
Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin təmin edilməsi, düşüncə, söz və
mətbuat azadlığı sahəsində irəliləyişlərə yol açmasını istəyir”.
|