Çöhrəqanlının Amerikaya indiki səfəri 1 ay davam edəcək

GAMOH LİDERİNİN ABŞ-daki YÜKSƏK SƏVİYYƏLİ GÖRÜŞLƏRİNƏ GƏLƏN
HƏFTƏNİN ƏVVƏLİNDƏ START VERİLƏCƏK

525ci qazet 2003-11-29
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Türkiyə səfərini yekunlaşdıraraq ABŞ-a gedib. Təxminən iki aydan artıq Türkiyədə qalan M.Çöhrəqanlının oradan Avropa ölkələrinə getməsi nəzərdə tutulmuşdu. Lakin onun Avropa səfərini təxirə salaraq təcili Amerikaya yola düşməsi maraq, hətta təəccüb doğurur. Bu məsələyə aydınlıq gətirən GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkelli bildirdi ki, M.Çöhrəqanlının Amerikada çox əhəmiyyətli, vacib görüşləri planlaşdırılıb və o buna görə Avropa səfərini təxirə salmaq məcburiyyətində qalıb:

"Doktor Çöhrəqanlının Türkiyə səfəri səmərəli keçdi. Planlaşdırıldığı kimi o, Avropaya yola düşməyə hazırlaşırdı. Lakin Amerikada yaxın günlərdə keçirilməsi nəzərdə tutulan görüşlər və danışıqlar çox vacib olduğundan doktor başqa işlərini, o cümlədən Avropa səfərini təxirə saldı. Amerikada da yüksək səviyyəli, rəsmi görüşlər nəzərdə tutulub. Danışıqlarda İran, Güney Azərbaycan məsələsi müzakirə ediləcək. Görüşlər gələn həftənin ilk günündən başlanacaq".

H.Türkellinin sözlərinə görə, Türkiyədə də M.Çöhrəqanlı bir sıra siyasi partiyaların, ayrı-ayrı qurumların rəhbərləri, Böyük Millət Məclisinin deputatları ilə görüşüb. Danışıqlarda Güney Azərbaycanın durumu, soydaşlarımızın hüquqları uğrunda mübarizəsi, Türkiyənin bu məsələlərdə mövqeyi, İranla bağlı siyasəti müzakirə mövzusu olub. GAMOH təmsilçisi bildirib ki, M.Çöhrəqanlının keçirdiyi bütün görüşlərdən sonra Türkiyənin həmin məsələlərlə bağlı mövqeyi, gələcəkdə atacağı addımlar artıq müəyyənləşib. Onun sözlərinə görə, İran, Güney Azərbaycan məsələsi ilə bağlı həm də Azərbaycanın, ABŞ-ın, o cümlədən beynəlxalq qurumların yaxın gələcəkdəki mövqelərinin öyrənilməsi, dəqiqləşdirilməsi üçün danışıqlar davam etdiriləcək:

 "Güney Azərbaycan türklərinin öz hüquqları, milli azadlıqları uğrunda apardığı mübarizəyə, milli hərəkatın daha geniş vüsət alacağı, qloballaşacağı dövrdə Türkiyə dövlətinin bu proseslərə yönəlik siyasətinin, mövqeyinin nədən ibarət olacağı təxminən bizə bəllidir. Lakin bu barədə Türkiyə hökuməti özü açıqlama verməlidir. Hələlik deyə bilərik ki, Türkiyədə millətçi deputatlar, siyasətçilər Güney Azərbaycan məsələsində bizimlə eyni fikirdədirlər. Ümumilikdə, Türkiyə də daxil olmaqla, bütün dövlətlərin, beynəlxalq qurumların Güneyə münasibətində mənfi və müsbət məqamlar var. Doktor keçirdiyi bütün görüşlərində güneyli azərbaycanlıların hüquqları uğrunda mübarizəyə olan mənfi münasibətin aradan qaldırılmasına və bizə dəstəyin güclənməsinə səy göstərir. Ən azı mübarizənin gücləndiyi vaxtda onların bizim əleyhimizə çıxmamalarına çalışırıq".


M.Çöhrəqanlının ABŞ səfərinin bir ay sürəcəyini deyən H.Türkelli GAMOH liderinin sonra Avropaya gələcəyini, orada bir sıra dövlətlərin, beynəlxalq təşkilatların rəsmi nümayəndələri ilə görüşlər keçirəcəyini bildirdi.
 

Sevda İLHAMQIZI


bash sayfe Mail to us