Təbrizdə toqquşma olub

MİTİNQÇİLƏRLƏ POLİS ARASINDA QARŞIDURMA BAŞ VERİB

 

525 qazeti 2003-12-13
Dekabrın 12-də Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşəbbüsü ilə Təbrizin "İmamiyyə xiyabanı"nda mitinq keçirilib. 21 Azər Hərəkatının 58-ci ildönümünə həsr olunan aksiyadan öncə polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları kütləvi həbslər həyata keçiriblər. Mitinqə Ərdəbil, Zəncan, Meşkin, Xoy və Tehrandan xeyli hərəkat fəalı gəlib. GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkellinin "Olaylar"a verdiyi məlumata görə, Milli Hökumətin baş prokuroru olmuş Firudin İbrahiminin məzarı üstünə gedən kütlə ilə polis qüvvələri arasında toqquşma baş verib.

GAMOH-un minlərlə fəalı Firudin İbrahiminin məzarı önünə toplaşmaq üçün bir araya gəliblər. Böyük bir qrupun qarşısı Şahnaz dördyolunda polislə alınıb. Polis kütlənin "İmamiyyə xiyabanı"na daxil olmasının qarşısını almağa çalışıb. Xiyabanda da ciddi toqquşmalar baş verib. Polisin müqavimətinə baxmayaraq, GAMOH fəallarının böyük bir qrupu polis kardonunu yararaq özünü F.İbrahiminin məzarı önünə çatdıra bilib. Təbrizdə xüsusən "İmamiyyə xiyabanı"nda GAMOH fəalları "Yaşasın Azərbaycan!", "Yaşasın Çöhrəqanlı!", "Ya azadlıq, ya ölüm!" şüarları ilə qışqıraraq izdihamlı yürüş keçiriblər.

Məlumata görə, həbs olunanlar var. Həbs olunanlar haqqında məlumat yoxdur. Mitinqlərin Təbrizin digər küçələrinə yayılacağı gözlənilir. Aksiyaçılar "İmamiyyə"ni tərk etməyəcəklərini bildiriblər. Xatırladaq ki, GAMOH fəalları Əlirza Əmani və Yürüş Mehrəlibəyli bir neçə gün öncə həbs ediliblər.
   


bash sayfe Mail to us