Güneydəki Milli Hökumətin 58 illiyi bütün dünyada anılacaq

 

525ci qazet 2003-12-12
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Güney Azərbaycanda 1945-ci ildə qurulan Milli Hökumətin 58-ci ildönümü ilə əlaqədar Dəyirmi masa keçirildi. Tədbirin təşkilatçısı Güney Azərbaycan Milli Hərəkatını Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu əsarətdə olan Güneydə soydaşlarımızın öz milli hökumətini qurmasını tariximizin şanlı səhifəsi kimi qiymətləndirdi. O, Güney Azərbaycanda milli hökumətin yaranması ilə nəticələnən 21 Azər Hərəkatının davamı olaraq milli mübarizənin bu gün də geniş vüsət aldığını, belə tarixi hadisələrin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğuladı.


Professor Şövkət Tağıyeva həmin hərəkat, Milli Hökumətin yaradılması, fəaliyyəti, süqutu haqqında geniş məruzə ilə çıxış etdi. O, İranda və Güney Azərbaycanda baş verənləri düzgün analiz etməyin, yeni elmi araşdırmalar aparmağın, bütün faktları üzə çıxarmağın vacib olduğunu dedi.


Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun rəhbəri Hüseyn Türkelli Milli Hökumətin fəaliyyəti dövründən danışarkən qurumun Güneydə öz ordusunu yaratdığını, Azərbaycan dilini dövlət dili elan etdiyini, Təbriz Universitetinin açıldığını, cəmi üç ay ərzində torpaqların kəndlilərə verildiyini və başqa əhəmiyyətli işlər görüldüyünü söylədi. O, Milli Hökumətin 58-ci ildönümü münasibətilə bu gün Təbrizdə, Berlində, Vaşinqtonda, Bonnda və dünyanın başqa şəhərlərində anım tədbirlərinin, aksiyaların keçiriləcəyini bildirdi. H.Türkellinin sözlərinə görə, İsveçin Höteburq şəhərində iki saatlıq aksiya üçün artıq razılıq alınıb. Vaşinqtonda keçirilən aksiyada isə GAMOH lideri Mahmudəli Çöhrəqanlının da iştirak edəcəyi gözlənilir.
   

Sevda İLHAMQIZI


صفحه اصلی Biz ile bağlantı